Gənc nəslin milli ruhda tərbiyəsi kiçik yaşlarından başlayır. Sonrakı mərhələlərdə inkişaf etdirilən milli ruh həm də uşaqların vətənpərvər ruhunda tərbiyəsində önəmli rol oynayır. Hələ uşaq vaxtlarından aşılanan münasibətin düzgün yöndə inkişafı uşaqların sonrakı yaş dövrlərində özünü açıq şəkildə göstərir. Uşaqlarda aqressivlik, nifrət hissinin aradan qaldırılması da uşaq dövrlərində aparılan düzgün tərbiyənin nəticəsində mümkün olur. Əks halda bu ruhda böyüyən uşaqlarda aqressivlik özünü daha ciddi formada göstərir və arzuolunmaz nəticələrə gətirib çıxarır. Ona görə də psixoloqlorın məşğul olduğu bu sahəyə daha çox fikir verilməlidir.
Məsələni KONKRET.az-a şərh edən psixoloq Gülnar Orucova bildirib ki, bir uşaqda aqressiya varsa, əvvəlcə onun ailəsinə baxmaq lazımdır: “Daha sonra onun sağlamlıq durumuna nəzər yetirilməlidir. Uşağın yaşadığı mühit də diskomfort yarada bilər. İnsanı formalaşdıran tərbiyə, mühit və genetikadır. Bunlardan hər hansı birində problem olanda aqressiya ortaya çıxa bilər.
Ümumilikdə aqressiya aşağı yaşlardan etibarən formalaşmağa başlayır. Valideynlər elə tərbiyə üsulu seçirlər ki, uşaq təhqir olunur, döyülür. Uşaq evdə gördüklərini cəmiyyətə daşıyır. Bəzən uşaqlar həddindən artıq həssas, mərhəmətli görünürlər, onlara fiziki cəza veriləndə qorxaq olurlar. Amma aqressiya, şiddət görən bir uşaq əlbəttə ki, cəmiyyətə də şiddət nümayiş etdirəcək. Bu zaman həmin mühit onun üçün əlverişli mühitə çevriləcək. Çünki evində də eyni hadisələri görən uşaq məhz həmin mühiti axtarır. Bəzi insanlar aqressivləşəndə qışqırır, kobud sözlərdən istifadə edir, əl-qol atır. Sonra bu, uşaqların xarakterinə, davranışına köçürülür”.
Daha sonra çətin tərbiyə olunan uşaqların psixoloji durumuna toxunan ekspert bildirib ki, məktəbdə elə uşaqlara da rast gəlinir ki, onlar ipə-sapa yatmır: “Bunların bəzilərində hiperaktiv davranış pozuntuları müşahidə olunur. Bu vəziyyətdə usağın davranışları pozulur. Davranışları pozulduğu üçün evdə valideyn, məktəbdə müəllim davamlı olaraq onu təhqir edir, alçaldır və bu günün hiperaktivi böyüyür olur anti-sosial şəxsiyyət. Yəni heç kimə tabe olmayan, heç bir qaydaya əməl etməyən idarəolunmazın birinə çevrilir. Bundan sonra yollar narkomaniya və alkoqolizmə aparır. İmkanı varsa, narkoman, yoxdursa, alkoqolik olur. Biz bu gün hiperaktivlik diaqnozuna çox sadə baxırıq, amma bir hiperaktivi korreksiya etməyəndə gələcəkdə cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir. Çünki davranışlar pozulur, ipə-sapa yatmır.
Bəzən məktəblilər arasında xoşagəlməz hallar rast gəlirik. Kütləvi davalara, biri-birilərini bıçaqlamaq hallarına dəfələrlə rast gəlinib. Yaxud da ki, məktəblilər təcili tibbi yardıma zəng edir və həkim briqadasını ağlı kəsən ünvana yönəldir. Bu, əslində hər hansı diaqnozun, eləcə də ailənin verdiyi, yaşatdığı həyat tərzindən qaynaqlanır. Ailə necədirsə, uşaq da onlardan götürür və o yolu davam etdirir”.
Problemləri çözələyən Gülnar Orucova bəzi narahatlıqlarını da ifadə edib. Psixoloq hessab edir ki, uşaqların psixoloji durumundakı bəzi hallar sırf məktəblə bağlıdır: “Uşaq məktəbdə sinif yoldaşlarıyla yaxşı davranmırsa, yaxud özünü apara bilmirsə, müəllim onu ayrı oturdur və düşünür ki, aşağı sinifdir, bir təhər yola verim. Problem də həmin yola verməkdən başlayır və uşaq gəlir 5-ci sinifdə ortaya problem çıxardır. Bəzən valideynlər özləri də uşaqlarının çətin tərbiyə olunduğunu dərk etsələr də, onları müvafiq təhsil ocaqlarına qoymaq əvəzinə normal uşaqların təhsil aldığı məktəblərdə saxlamaqla problem yaradırlar. Nəticədə çətin tərbiyə olunan uşaq digərlərinə pis örnək olur”.
Amma bütün bunlara baxmayaraq, gənc nəslin sağlam böyüməsi, onların mənəvi-psixoloji vəziyyəti daim nəzarətdədir.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.