Hər bir cəmiyyətdə uşaqların sağlam böyüməsi, onların fiziki cəhətdən güclü olması üçün konsepsiyalar işlənib hazırlanır. Məhz sağlam ruhda böyüyüb tərbiyə alan uşaqlar dövlətin gələcəyini müəyyən edir.
Hələ məktəbəqədər müəssisələrdə uşaqlara aşılanan mənəvi dəyərlər, onların gələcək dünyagörüşünün formalaşmasında önəmli rol oynayır. Vətənpərvər ruhda inkişafın ilk qatı hesab olunan bu tərbiyyə metodunun uşaqların şəxsiyyət kimi böyüməsində təsiri böyükdür.
Hər bir yeniyetmənin layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsil də önəmli yer tutur. Digər tərəfdən bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.
Uşağın sağlam böyüməsinin təməli isə ailədə qoyulur. Onun psixoloji cəhətdən formalaşmasında valideynlərin rolu böyükdür. Düzgün tərbiyə, uşağın sağlamlığı vacib amillərdəndir. Hər bir valideyn məsuliyyətini dərk etməli, uşaqların psixologiyasına təsir edəcək hallardan uzaq durmalıdır. Ailə daxilində münaqişələr uşaqlarda mənəvi travma yaradır ki, bunun da fəsadları ağır olur. Valideynlərdən hər hansı birinin zərərli vərdişlərdən əziyyət çəkməsi uşağın gələcək həyatına təsir edir.
Eyni zamanda uşaqlar asılılıq yaradan vərdişlərdən uzaq tutulmalıdır. Onların mobil telefonlarda əylənməsinin qarşısı alınmalıdır. Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyir ki, uşaqların telefonlarla oynaması onların əqli geriliyinə gətirib çıxarır:
“Aşağı yaşlardan etibarən valideynlər uşaqları telefonlarla yedirtməyə çalışırlar. Valideyn düşünür ki, əgər mənim uşağım yemək yemirsə, immuniteti aşağı düşəcək və xəstələnəcək. Valideyndə uşağını itirmək qorxusu, onu həddindən artıq qoruma duyğusu problemə yol açır. Telefonu uşağın əlinə verərək onu yedirtməyə başlayır. Həmin uşaqlarda isə doyma hissi olmur, bu barədə beyinə siqnal çatmır. Valideyn beş-on dəqiqəlik roliki uşağa baxmağa məcbur edir. İstədiyi yeməyi də uşağına yedirtməyi bacarır və uşağın doyması da qətiyyən ağlına gəlmir. Uşaqlarda bu cür hallardan sonra telefona maraq yaranır. Sonra isə nəticə daha acınacaqlı olur. Telefonu uşağın əlindən ala bilmirik. Sonra o telefonda kinoya və oyunlara baxanda, hər hansı bir proqram üzərində işləyəndə davamlı olaraq yeməyə meyilli olduğu üçün artıq kilodan əziyyət çəkirlər. Bunlarda cinsi doyumsuzluq halları da baş verir.
Doyumsuzluq beş aydan etibarən uşaqlarda özünü müxtəlif hallarla göstərə bilir. Valideyn daha sonra bunu müəyyən yaşlarda dərk edir. Amma bu problemlər aşağı yaşlardan formalaşır. Uşaqlarda telefona maraq yaranandan sonra valideyn bəzən öz rahatlığı üçün uşağın qarşısına telofonu atır və uşaq saatlarla telefonda olur. Valideyn uşağın rahatlığından məmnun qalır. Amma düşünmür ki, uşaq bu gün rahat, səssiz ola bilər. Daha sonra bunun fəsadları çox pis olacaq. Telefondan asılı vəziyyətə düşürlər və bu proses saatlarla onların vaxtını aparır, dərsdən yayınırlar. Elə oyunlar var ki, onlarda aqressiya, gərginlik, nifrət, kin duyğuları formalaşdırır”.
Uşaqların tərbiyəsində valideynlərlə yanaşı müəllimlərin də rolu böyükdür. Onların gələcəkdə sağlam düşüncəli vətəndaş kimi inkişaf etməsində, şəxsiyyət kimi formalaşmasında, milli ruhda böyümələrində müəllimlərin önəmli rolu var.
Gənc nəslin sağlam böyüməsi, onların fiziki cəhətdən güclü olması üçün də xüsusi konsepsiyalar mövcuddur. Uşaqların kütləvi şəkildə idmana cəlb olunması üçün hər cür şərait yaradılıb və bu imkanlardan istifadə edənlərin sayında artım müşahidə olunur. Əksər şəhər və rayonlarda Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi, həmin idman ocaqlarında yaradılan şərait və gənc nəslin idmana cəlb olunması üçün hər cür imkan var.
İndi elə bir beynəlxalq yarış, turnir olmaz ki, Azərbaycan idmançıları vətənə əli boş dönsünlər. Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında Azərbaycan gənclərinin qazandığı uğurlar son illərdə aparılan düzgün işin məntiqi nəticəsidir. 1997-ci ildən başlanan yeni idman hərakatı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin adı ilə bağlıdır.
1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçilən İlham Əliyev gənc nəslin sağlam böyüməsi, onların vətənpərvər ruhda tərbiyə olunması üçün mühüm işlərə start verdi. Çox keçmədən uğurlu nəticələr əldə edildi. Yeniyetmələrin idmana kütləvi axını başladı.
Müstəqil Azərbaycan Olimpiya oyunlarında ilk qızıl medallarını qazandı. 2000-ci il Sidney Olimpiadasında sərbəst güləşçi Namiq Abdullayevin və stend atıcısı Zemfira Məftəhəddinovanın əldə etdikləri qızıl medallar gələcək uğurların müjdəçisi idi.
Beləliklə, gənc nəslin fiziki və mənəvi inkişafı, vətənpərvər ruhda tərbiyə metodu düzgün qurulub. Üç il əvvəl 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq dediklərimizi bir daha sübut edir.
Deməli, milli mənəvi dəyərlərin gənc nəslə keyfiyyətli şəkildə aşlanması və onların vətən, millət sevgisi ilə böyüməsi, Azərbaycanı böyük qələbələrə aparacaq.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.