Uşaqpulu ilə bağlı problem öz həllini nə vaxt tapacaq? – AÇIQLAMAbackend

Uşaqpulu ilə bağlı problem öz həllini nə vaxt tapacaq? - AÇIQLAMA

Son günlər müzakirə olunan məsələlərdən biri də uşaqpulunun bərpa edilməsidir. Zaman-zaman bu məsələ Milli Məclisdə qaldırılsa da, uşaqpulu ilə bağlı problem hələ də öz həllini tapmayıb. Bu gün hər kəsi maraqlandıran sual budur ki, 2021-ci ildə uşaqpulunun bərpası gercəkləşə bilərmi?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran iqtisadçı Rəşad Həsənov bildirib ki, 2021-ci ildə uşaqpulunun bərpası gözlənilmir: “Çünki dövlətin bununla bağlı hər hansı proqramı və yol xəritəsi yoxdur. Bu, təbii ki, təəssüf ediləcək məqamlardan biridir. Hökumət hesab edir ki, bizdə ünvanlı sosial yardım proqramı var. Ünvanlı sosial yardım proqramı ailə gəlirlərinin adambaşı nisbətində çatışmazlığı kompensasiya edir. Amma pandemiya da onu göstərdi ki, ailə gəlirlərinin  dayanıqlığı bir mexanizmə çevrilə bilər. İşləməyən insanların əksəriyyəti pandemiya dövründə çox ciddi şəkildə ailə gəlirlərinin aşağı düşməsi ilə üzləşdilər. Hökumətin də bu istiqamətdə tədbirləri əhatəli və effektiv deyildi. Belə şərtlər daxilində uşaqpulunun olması həmin insanların gəlirlərinin müəyyən hissəsini sabit saxlanılmasına kömək ola bilərdi”.

Rəşad Həsənov vurğulayıb ki, uşaqpuluna təkcə ehtiyac meyarında baxmaq lazım deyil: “Uşaqpuluna keyfiyyətli təhsil və səhiyyə, insan kapitalının inkişafı effektindən baxmaq lazımdır. Bir sıra hallarda bizdə qeyd edilir ki, demoqrafik göstəricilər yaxşı deyil. Əgər 90-cı illərin əvvəlləri ilə müqayisə aparsaq, biz hər min nəfərə artımda ciddi şəkildə azalma müşahidə edəcəyik. Əgər 90-cı illərin əvvəlində hər 1000 nəfərə artım 20 nəfər idisə, artıq 2017, 2018, 2019-cu illərdə müvafiq göstəricilər 8 nəfərə qədər düşüb. Bu da o deməkdir ki, Azərbaycanda əhali artımı 2 dəfə yarıma qədər azalıb. Bu kifayət qədər ciddi siqnaldır ki, Azərbaycanda müvafiq istiqamətdə addımlar atılmağa başlansın. Ailə tərkibinə baxılanda da bunu maşahidə etmək olur. 90-cı illərin əvvəllərində çoxuşaqlı ailələrə rast gəlirdiksə, sonradan iki uşaqlı ailələrə keçid prosesi başladı. Bu gün isə artıq mərhələli şəkildə bir uşaqlı ailələrə keçid başlayır.

Təxminən ölkədə 260 mindən çox ailənin tək uşağı var. Bugünkü ilə ötən əsirin 60-cı ilinin vətəndaşını eyniləşdirmək doğru deyil. Çünki yanaşmalar və təfəkkür dəyişib. Bu günün insanları övladlarının gələcəyi və təhsili ilə bağlı məsuliyyət daşıyır. Ötən əsrdə olduğu kimi uşaqlara geyinilmiş, kiflənmiş geyimlər geyindirmək, keyfiyyətsiz qidalar yedizdirmək olmur. Çünki həyat standartları müəyyən qədər dəyişib. Bu məsuliyyət də insanların ailədə çox uşaqdan imtinaya gətirib çıxarır. Hökumət demoqrafik, insan kapitalı və sosial siyasətini uzlaşdıraraq uşaqpulunun verilməsi mexanizmini hazırlayıb, mütləq şəkildə onun qəbul edilməsi ilə bağlı qərar qəbul etməlidir. Onun əksi ilə bağlı gətirilən yanaşmaların hər biri bəhanədən başqa bir şey deyil”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*