Bakıda Beynəlxalq Türk Akademiyası ilə Xəzər Universitetinin birgə təşkil etdiyi “Uzun Həsən Ağqoyunlu və onun dövrü: siyasi, sosial-iqtisadi və mədəni problemlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
KONKRET.az xəbər verir ki, tədbir görkəmli türk hökmdarı, Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsənin anadan olmasının 600 illiyinə həsr olunub.
Konfransda türkdilli ölkələrin və digər dövlətlərin ali təhsil ocaqlarından, elmi-tədqiqat müəssisələrindən alim və tədqiqatçılar iştirak ediblər.
Tədbirdə Ağqoyunlu dövlətinin və onun hökmdarı Uzun Həsənin rolu, XV əsrin ikinci yarısında Ağqoyunlu dövlətinin tərkibinə daxil olmuş Cənubi Qafqaz, Yaxın Şərq və digər ölkələrin xalqlarının tarixinə verdiyi böyük töhfədən, eləcə də Uzun Həsən şəxsiyyətinin dünya tarixi prosesindəki əhəmiyyətindən danışılıb.
Plenar iclasda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Çikaqo Universitetinin Tarix fakültəsinin professoru Con Vuds çıxış ediblər. Xəzər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Şahin Fazılov, Monqolustan Dövlət Universitetinin və Katib Çelebi Universitetinin türkşünaslıq şöbəsinin professoru Danugiin Anxbayar, Nazarbayev Universitetinin Qazax dili və türkşünaslıq kafedrasının müdiri Yulay Şamiloğlu, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin professoru Feridun Mustafa Emejen, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Zabil Bayramlı təmsil olunublar
Xəzər Universitetinin təsisçisi, Direktorlar Şurasının və Qəyyumlar Şurasının sədri professor H.İsaxanlı konfrans iştirakçılarını və qonaqları salamlayaraq bu tədbirin əhəmiyyətini vurğulayıb. Tarixin müasirliyimizə təsirindən danışan H.İsaxanlı bildirib ki, obyektiv tarixin yazılması münaqişələrin həllinə müsbət təsir göstərəcək. H.İsaxanlı Ağqoyunlu dövlətinin Azərbaycan və türk tarixindəki əhəmiyyətinə diqqət çəkib, Uzun Həsənin tarixi şəxsiyyətinin daha əhatəli şəkildə öyrənilməsinin vacibliyini vurğulayıb.
Ş.Mustafayev çıxışında bildirib ki, bu il Türk Akademiyasında türk xalqlarının bir sıra tarixi şəxsiyyətlərinin yubileyləri, məsələn, Məmlük Sultanı Bəybərsin 800, Uzun Həsənin 600 illik yubileyləri qeyd olunur.
Ş.Mustafayev onu da qeyd edib ki, böyük dövlət xadimi Uzun Həsənin dövründə Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilib və bu da öz növbəsində dövlətçiliyin formalaşmasında mühüm tarixi mərhələyə çevrilib.
Daha sonra bölmə panellərində konfrans iştirakçıları öz tədqiqatlarının nəticələrini bölüşdülər.
İldırım Musayev,
KONKRET.az