Vahid Ələkbərovu “Lukoyl”dan istefa verməyə vadar edən SƏBƏBLƏR – Deputatla MÜSAHİBƏbackend

Vahid Ələkbərovu “Lukoyl”dan istefa verməyə vadar edən SƏBƏBLƏR – Deputatla MÜSAHİBƏ

Bu günlərdə  “Lukoyl”un prezidenti Vahid Ələkbərovun şirkətin prezidenti postundan istefa verməsi ciddi müzakirələrə səbəb oldu. Şirkət rəhbərinin vəzifəsindən gedəcəyi gözlənilmirdi. Onun istefasının səbəbləri haqda KONKRET.az Milli Məclisin deputatı Vahid Əhmədovun fikirlərini öyrənib. Millət vəkili ilə müsahibəni təqdim edirik. 

– Vahid müəllim, necə düşünürsünüz, bu istefanın əsl səbəbi nədir?

 – Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiya şirkətlərinə və ayrı-ayrı iş adamlarına çox ciddi sanksiyalar tətbiq olundu. Bununla əlaqədar olaraq iri şirkət və holdinq sahibləri çətin vəziyyətə düşdü. Mətbuatda oxuduğum xəbərlərdə milyarderlərdən birinin hətta evinin pulunu ödəməyə belə imkanı olmadığını gördüm. Çünki maddi resurslar sanksiya altındadır. “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov kifayət qədər təcrübəli mütəxəssisdir. O uzun illər belə böyük bir holdinqə rəhbərlik edib və dünya iqtisadiyyatını yaxşı bilən insandır. Yəni onun barəsində yüksək fikirdəyəm. Bu istefada əslində onun heç bir günahı yoxdur. Dünyada gedən proseslər qarşısında nə isə etmək mümkün deyil.  Ola bilər ki, Rusiyada baş verən proseslərlə əlaqədar olaraq sədrlikdən istefa verib. Yəqin ki, şirkətdə onun müəyyən payları qalacaq.

– Vahid Ələkbərov 1993-cu ildən bəri adıçəkilən şirkətin rəhbəri idi. İndiki məqamda onun gedişi nəyi dəyişəcək?

– Vahid Ələkbərovun istefasının şirkətdə nələrisə dəyişəcəyini düşünmürəm. Vahid Ələkbərov ağıllı adamdır və Rusiyada davam edən gərgin prosesləri dərindən dərk edə bilir. O bilir ki, bu sanksiyalar uzun müddət davam edərsə, Rusiya iqtisadiyyatının çöküşünə gətirib çıxarar. Şirkət rəhbərləri daha ciddi problemlərlə üzləşməmək üçün belə qərarlar verir. Rusiyanın idxal-ixrac əməliyytaları dondurulub. Bu, neft-qaz sahəsinə daha ciddi təsir edir. Görünür, “xəmir” hələ çox su aparacaq. Hələ bilmək olmaz, qarşıda kimlər istefa verəcək, kimlər qalacaq.

– Prezidentin istefası şirkətin çöküşünə səbəb ola bilərmi?

– Vahid Ələkbərovun gedişi ilə onun rəhbərlik etdiyi şirkətin çökəcəyini düşünmürəm. Amma şirkət müəyyən problemlərlə üzləşə bilər. Əgər sanksiyalar uzun müddət davam edərsə, ciddi problemlər qaçılmaz olacaq.

– Vahid Ələkbərov azərbaycanlıdır. Onun gedişi ilə şirkətin Azərbaycanla münasibətlərində dəyişiklik ola bilərmi?

–  “Lukoyl”un Azərbaycanla da müqaviləsi var. Şirkətin Azərbaycanda çoxsaylı yanacaqdoldurma məntəqələri mövcuddur. Əslində bu qadağalar bütün dövlətlər arasındakı münasibətlərə mənfi təsir edir. Lakin  Azərbaycan stabil dövlətdir. Dövlətimiz böyük şirkətlərə investisiya yatırımları etməsi üçün geniş imkanlar yaradır. Şirkətlər Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bu istefanın “Lukoyl” – Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyini düşünmürəm.

– Sizin fikrinizcə, şirkətin yeni prezidenti kim ola bilər?

– Yeni prezidentin kim olacağı bilinmir. Vahid Ələkbərovun oğlu orada çalışır. Yəqin ki, yeni prezidenti şirkətin səhmdarları və Vahid Ələkbərov özü müəyyən edəcək.

Şəbnəm Mehdizadə,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*