Vahid vəsiqə nə vəd edir?backend

Vahid vəsiqə nə vəd edir?

Azərbaycanda uzun illər media sahəsinə və onun inkişafına nəzarət sistemini Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu həyata keçirirdi.

KİVDF adlı qurumun fəaliyyəti isə heç də ürəkaçan deyildi. Zamanla müxtəlif platformalarda bu qurumun fəaliyyəti tənqid edilirdi.

Azərbaycan mediasının xaotik vəziyyətdə olması və dərin islahatların aparılmasının labüdlüyü izah olunurdu. Eyni zamanda, müzakirələrdə KİV-in inkişafı üçün ayrılan vəsaitin ədalətli bölüşdürülməməsi, jurnalistlərə mənzillərin verilməsində baş verən qanunsuzluqlar, müsabiqələr zamanı daha çox qurumun keçmiş rəhbərinə yaxın olan şəxslərin qalib seçilməsi ilə bağlı fikirlər səsləndirilirdi.

Elə bütün bu halların nəticəsi kimi fondun eks rəhbəri Vüqar Səfərli bu ilin əvvəlində hüquq-mühafizə orqanları tərəfindən həbs olundu. O, dövlətə külli miqdarda zərər vurmaqda ittiham edilir.

Belə bir şəraitdə medianın şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına ehtiyac yaranıb. Ona görə də bu sahədə mövcud durumun müsbət istiqamətdə dəyişdirilməsi və islahatların dərinləşdirilməsi üçün fondun nəzdində Prezident İlham Əliyevin fərmanı ilə bu ilin əvvəlində Medianın İnkişafı Agentliyi yaradıldı.

KONKRET.az xəbər verir ki, Agentlik mövcud problemlərin həllinə yönəlmiş bir sıra işlər həyata keçirir.

Bildirək ki, hazırda “Media haqqında” yeni qanun layihəsinin hazırlanması və təqdim olunması istiqamətində iş gedir.

Agentliyin rəhbəri Əhməd İsmayılovun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələri haqqında qanundan fərqli olaraq, yeni layihədə Azərbaycanda media subyektlərinin bütün dairəsi əhatə edilməlidir.

O bildirib ki, həm onlayn, həm çap medianın meyarlarının, həm də audio-vizual media üçün lisenziyaların verilməsi, reyestrin aparılması, sistemləşdirilməsi nəzərdə tutulur. Həmçinin, yeni qanunda jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək.

Ə.İsmayılov son müsahibələrinin birində jurnalistlərə vahid vəsiqələrin veriləcəyini bildirmişdi. Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Bir qisim bunu müsbət qarşılasa da,  alternativ fikir bildirənlər də az deyildi. Bildirək ki, eyni təcrübə qonşu Türkiyədə uzun müddətdir tətbiq olunur və bunun bir sıra üstünlükləri var.

Həmin üstünlüklər dövlət tərəfindən tanınmış jurnalist olmaq, ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək, muzeylərə, qalereyalara və mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə müvafiq qaydada ödənişsiz daxil olmaq, əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin hadisələrin baş verdiyi məkanlara daxil olmaq, dövlət orqanlarının (qurumlarının) rəsmi məlumatlarını birbaşa əldə edə bilmək, beynəlxalq xəbərləri daha rahat əldə etmək imkanı qazanmaq, rəsmi tədbirlərin həyata keçirilməsi zamanı peşə fəaliyyəti ilə əlaqədar üstünlüklərdən yararlanmaqdır.

Bəs vahid jurnalist vəsiqəsi jurnalistlərin sosial durumunun yaxşılaşması üçün labüddür?

İqtisadçı ekspert Rövşən Ağayev qafqazinfo-ya bildirib ki, o, jurnalistlərə hər hansı xüsusi imtiyazların verilməsinin əleyhinədir:

“Fikrimcə, media azad olmalıdır. Mediaya ən böyük dəstək o olardı ki, onun işinə müdaxilə edilməsin. Məmurlar media orqanlarına rəsmi və qeyri-rəsmi şəkildə maliyyə yardımı ayırmasınlar. Əgər dövlət tərəfindən hansısa bir satınalma imkanı yaradılarsa, bu, hər bir media üçün keçərli olmalıdır. Ümumilikdə isə kommersiya şəraitindən kənar mediaya hər hansı başqa dəstəklərin verilməsinin tərəfdarı deyiləm”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*