“Meta” korporasiyası “Messenger” və “Instagram” üçün əlavə valideyn nəzarəti tətbiq edəcək ki, bu da valideynlərə övladının internetdə nə qədər vaxt keçirdiyini və kiminlə ünsiyyət qurduğunu bilməyə imkan verəcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
“Messenger” üçün valideyn nəzarəti funksiyasını təqdim edirik ki, valideynlər uşaqların necə vaxt keçirdiklərini və kiminlə danışdıqlarını görə bilsinlər”, – məlumatda deyilir.
Belə ki, valideynlər övladının internetdə nə qədər vaxt keçirdiyinə nəzarət edə, əlaqə siyahısında və proqram parametrləri rejimində dəyişiklikləri izləyə və hansı istifadəçilərin övladına mesaj göndərdiyini görə biləcəklər.
Qeyd olunub ki, bu funksiya hazırda ABŞ, Böyük Britaniya və Kanadada mövcuddur.
Bundan əlavə, şirkət “Instagram” üçün valideyn nəzarətini genişləndirəcək.
Burada valideynlər övladının izləyiciləri və abunəlikləri haqqında daha çox məlumat əldə edəcək və uşaq kimisə bloklayarsa, bu barədə bildiriş alacaqlar.
Şirkət həmçinin onlayn rejimdə sərf olunan vaxta nəzarət üçün tədbirlər spektrini genişləndirmək niyyətindədir. “Take a Break” (“Fasilə verin”) adlı yeni funksiyanın tətbiqi ilə istifadəçi “Instagram” və ya “Facebook”da 20 dəqiqədən çox vaxt keçirən kimi xüsusi bildiriş alacaq. Sistem tətbiqdən yayınmağı və ya gündə platformaların istifadəsinə məhdudiyyət qoymağı təklif edəcək.
İqbal Rzayev,
KONKRET.az