Vaqif Əsədov: “Azad edilən ərazilərə köç başladıqdan sonra tıxac azalacaq”backend

Vaqif Əsədov: “Azad edilən ərazilərə köç başladıqdan sonra tıxac azalacaq”

Paytaxtın əsas küçə və prospektlərində son günlər müşahidə edilən sıxlıq sürücülərin, eləcə də digər hərəkət iştirakçılarının ciddi narahatlığına səbəb olub.

Belə ki, paytaxt sakinləri hər gün səhər saatlarında ən azı 20 dəqiqə tıxacda qalır ki, bu da işə gecikmə ilə nəticələnir. Hətta aidiyyəti qurumlar tərəfindən hər gün paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol – hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər və digər bir sıra ərazilərdə də sıxlıq müşahidə edildiyinə dair məlumatlar yayılır.

Əsas küçə və prospektlərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Lakin buna baxmayaraq, hələ də paytaxtda yaranan tıxac problemi öz həllini tapmır.

Bakıda iflic olan nəqliyyatın hərəkətini bərpa etmək üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün Bakıda qeydə alınan tıxaclar faciəvi şəkil alır:

“Əslində inkişaf etmiş bütün ölkələrin paytaxtlarında tıxac problemi var. Problemin həlli üçün əsas məqamlardan biri hərəkət istiqamətlərinin kəsişmələrinin minimuma endirilməsidir. Bunun üçün bir çox ölkələrdə, yol infrastrukturunda mərtəbəli yollardan istifadə olunur. Azərbaycanda 1 milyon 400 minə yaxın nəqliyyat vasitəsi var və onların 700 mindən çoxu paytaxtda qeydiyyatdadır. Ümumiyyətlə ölkədəki nəqliyyat vasitələrinin 72 faizi Bakıda idarə edilir. Bundan başqa, paytaxtda 300-dən artıq işıqforla tənzimlənən yol birləşməsi, 700-dən artıq yol kəsişməsi, tunellər, körpülər və digər yol ötürücüləri hərəkətlə bağlı müxtəlif problemlərə səbəb olur. Əslində Bakıda müşahidə edilən tıxac deyil, sıxlıqdır”.

V.Əsədov onu da əlavə edib ki, təhsil müəssisələrinin böyük qisminin Bakıda yerləşməsi, eləcə də əyani tədrisin bərpa edilməsi nəqliyyatın hərəkətində sıxlığı daha da artırıb:

“Universitetlərin, məktəblərin, geniş iş yerlərinin paytaxt ərazisində olması sıxlıq yaradan önəmli səbəblərdən biridir. Mərdəkan, Şüvəlan, Buzovna, Qaradağ, Ələt, Abşeron və Sumqayıtdan paytaxta iş və təhsil üçün gələnlərin sayı kifayət qədərdir. Belə bir göstəricisi olan şəhərdə pik saatlarda müəyyən ləngimələrin olması tamamilə təbiidir. Bunu dramatikləşdirmək olmaz. Tıxac nəqliyyat vasitələrinin uzun müddət hərəkətsiz qalmasıdır. Bu sıxlığın da səbəbləri ümumi istifadədə olan yollara daha yaxın təhsil müəssisələrinin olmasıdır. Bu məktəblərin qarşısında hər gün avtomobil sürücüləri tərəfindən dayanma və durma prosesləri yerinə yetirilir, bu da həmin yollarda süni sıxlığın yaranmasına səbəb olur. Bu səbəbdən hər bir yol polisi əməkdaşı gücləndirilmiş iş rejimində xidmət edir”.

Şöbə rəisi onu da qeyd edib ki, vətəndaşlardan mümkün olduğu halda ictimai nəqliyyatdan istifadə tövsiyə edilir:

“Tıxacların qarşısını almaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yolların genişlənməsi günün tələblərinə uyğun aparılır. Yerüstü və yeraltı piyada keçidləri, tunellər tikilir və müxtəlif struktur dəyişikliyi aparılır. Əsas məqamlardan biri sürücü və piyada münasibətlərində də etik normalardır. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərə köç başladıqdan sonra şəhərin üzərindəki yük azalacaq. Tıxaclarla bağlı məsələ də öz həllinə qovuşmuş olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*