Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları ictimaiyyət arasında birgə görüntüləniblər.
KONKRET.az musavat-a istinadən xəbər verir ki, Vasif Talıbovun böyük oğlu Rza Talıbov sosial şəbəkə hesabında tanınmış aparıcı Hacı Nuranla çəkilən fotosunu paylaşıb.
Sözügedən fotoda Rza Talıbovun qardaşı Seymur Talıbov da yer alıb. Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.
Məlumata görə, Talıbov qardaşları avqustun 30-da Bakıda təşkil edilən klassik avtomobillərin sərgisində iştirak ediblər. Sərgi Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə müxtəlif illərə aid nadir avtomobillər nümayiş etdirilib, həmçinin maraqlı proqramlar təqdim olunub.
Xatırladaq ki, Talıbovlar ailəsi son illərdə ictimaiyyət qarşısına nadir hallarda çıxır və onların iştirakı ilə yayılan görüntülər daim diqqət mərkəzində olur.