ABŞ-ın Azərbaycandakı akkreditə olunmuş jurnalisti Aleks Raufoğlu Donald Trampın təşəbbüsü ilə keçiriləcək Əliyev–Paşinyan görüşü öncəsi ABŞ rəsmiləri ilə danışaraq sammitdə imzalanacaq sənədlər barədə məlumat verib.
KONKRET.az bildirir ki, jurnalistin açıqlamasına görə, Vaşinqtonda baş tutacaq TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) sammitində birgə sülhə aparan yol barədə deklarasiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əvvəlcədən razılaşdırılmış sülh sazişini təsdiqləməsi, ATƏT-in Minsk Qrupundan çıxışla bağlı birgə məktub və ABŞ ilə hər iki ölkə arasında ikitərəfli münasibətlərin bərpası məqsədilə anlaşma memorandumlarının imzalanması planlaşdırılır.
TRIPP layihəsi Cənubi Ermənistan üzərindən keçən ticarət marşrutunun yaradılması üçün ABŞ və Ermənistan arasında kommersiya yönümlü birgə təşəbbüsdür. Bu marşrut Azərbaycanın əsas ərazisindən Naxçıvana maneəsiz ticarət imkanları verəcək.
Layihənin əsas xüsusiyyəti hərbi və təhlükəsizlik elementlərindən uzaq olmasıdır. ABŞ-ın bu marşrutda hərbi qüvvə yerləşdirməyəcəyi, lakin marşrutun təhlükəsizliyinin ilk səviyyəli beynəlxalq operatorlar vasitəsilə təmin ediləcəyi bildirilib. “Koridor” anlayışından fərqli olaraq, “TRIPP” adı siyasi yükü olmayan və regional ticarət axınlarını, o cümlədən enerji və rabitə sahələrini inkişaf etdirməyə yönəlmiş təşəbbüs kimi təqdim olunur.
Sözügedən sammitdən sonra TRIPP marşrutunun həyata keçirilməsi üçün danışıqlar və iş qruplarının fəaliyyəti başlanacaq. Bu addım regionda ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az