backend

“Vergidən yayınan oliqarxlara qarşı qanunun aliliyi tətbiq olunmalıdır” -  Sabiq deputat ölkə başçısına səsləndi

Nazim Bəydəmirli: ”Deputat İqbal Məmmədovla bağlı gündəmi zəbt edən məsələ, digərlərinə bir siqnal olmalıdır”

Nazim Bəydəmirli

Millət vəkili İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinda  Vergilər Nazirliyi əməkdaşlarının döyülməsi  xəbəri, məmur özbaşınalığını nümayiş etdirməklə yanaşı, bəzi oliqarxların vergidən yayınmaq və büdcəyə zərər vurmaq əməllərini də  gündəmə gətirdi. Təəssüflər olsun ki, ölkə reallığında bu cür yekəxana oliqarxların sayı kifayət qədərdir. Onların nəzarətində olan biznes şəbəkələri vergidən yayınmaqla, dövlət büdcəsinə xeyli ziyan vururlar. Ölkə rəhbərliyi səviyyəsində bu cür yekəxana məmur və oliqarxların əməlləri sərt şəkildə tənqid olunur və onlar cəzalandırılır.  Bəzən isə uzun illər vəzifədə kök atmış oliqarx məmurlar cəzadan yayınmağa nail olurlar.

Bəs, görəsən, vergidən yayınan, dövlət budcəsinə küllü miqdarda ziyan vuran oliqarxlara hansı yollarla mübarizə aparmaq lazımdır?

Konkret.az mövzunu sabiq millət vəkili, iqtisad elmləri namizədi Nazim Bəydəmirli ilə müzakirə edib.  İqtisadçı bildirirb ki, tutduğu mövqedən asılı olmayaraq hər bir sahibkar eyni hüquq və vəzifələrə sahib olmalıdır: “Bu cür problemlər təkcə qalmaqallı hadisələr baş verdiyi zaman gündəmə gəlməməlidir. Qeyd etmək yerinə düşər ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra ölkədəki vergi ödəyicilərinə qarşı münasibət müsbətə doğru kökündən dəyişib. Əvvəlki illərdən fərqli olaraq illik audit yoxlamaları, sahibkarın üzərinə “haqq” qoyulması kimi mənfi hallar artıq tarixə qovuşub. İnzibati tədbirlərdən daha çox maarrifləndirmə və vergi islahatları aparılıb. Hesab edirəm ki, 2019-cu il yanvarın 1-dən qüvvəyə minən yeni vergi məcəlləsində, vergi ödəyicilərinə kifayət qədər güzəştlər tətbiq olunub. Bu, vergi sahəsində atılan müsbət addımlardır.  Bu addımlar hər kəsin dövlət büdcəsi qarşısında öhdəliklərinə düzgün əməl etməli olduğunu göstərir”.

Nazim Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda sahibkarlıq dedikdə, daha çox məmur sahibkarlığı nəzərdə tutulur: “Lakin qeyd etmək lazımdır ki, ölkədə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərin hamısı nizam-intizamlı vergi ödəyiciləridir. Müxtəlif imtiyazlardan, dövlət tenderlərindən yararlanaraq sahibkarlıq subyektləri yaradanlar isə daha çox məmur-oliqarxlardır. Konstitusiya ilə ziddiyyət təşkil etsə də, onlar biznes fəaliyyəti ilə məşğul olurlar. Odur ki, deputat İqbal Məmmədovla bağlı gündəmi zəbt edən məsələ, digərlərinə bir siqnal olmalıdır. Ölkə başçısına səslənərək, monopoliya yaradan, digər sahibkarları bazardan sıxışdıran şəxslərə qarşı qanunun aliliyinin tətbiq olunmasını xahiş edirəm”.

Müşfiq Əhmədov

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*