Son vaxtlar ölkədə bəzi vergi dərəcələrinin artırılması barədə müzakirələr cəmiyyətin diqqət mərkəzinə çevrilib. Maraqlıdır, bu addım dövlət büdcəsinə əlavə gəlir qazandırmaqla yanaşı, sosial sahəyə, xüsusilə pensiya və təqaüdlərin artırılmasına yönələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, vergilərin artması büdcə gəlirlərinin müəyyən qədər çoxalmasına səbəb olsa da, bu, avtomatik olaraq sosial xərclərin artması anlamına gəlmir:

“Burada birbaşa asılılıq yoxdur. Yəni bu vergilər mütləq şəkildə sosial xərclərin artırılmasına yönələcək deyə bir qanuni çərçivə mövcud deyil. Vergi gəlirləri ümumi dövlət büdcəsinin gəlirlər hissəsini formalaşdırır və həm cari, həm də əsaslı xərclərin, o cümlədən sosial müdafiə istiqamətlərinin maliyyələşdirilməsinə yönəldilir.”
Ekspertin sözlərinə görə, orta və uzunmüddətli dövrdə sosial xərclərin artması zəruridir:
“İnflyasiya baş verir və buna uyğun olaraq indeksləşmə aparılır. Hökumətin müxtəlif sosial proqramları var və bu proqramlar çərçivəsində minimum əməkhaqqı, təqaüdlər, sosial müavinətlərin artırılması həyata keçirilir. 2026-cı ildə ehtiyac meyarının artırılması da əlavə xərc yükü yaradacaq.”
Rəşad Həsənov qeyd edib ki, sosial xərclərin maliyyələşdirilməsi üçün təkcə vergi artımı deyil, digər mənbələr də mövcuddur:
“Dövlət büdcəsində xərclərin səmərəliliyinin artırılması, şəffaflığın gücləndirilməsi və qənaət edilmiş vəsaitlərin sosial sahələrə yönəldilməsi də mümkün variantlardan biridir. Sosial xərclərin artırılması mütləq şəkildə vergilərin artımı fonunda baş verməlidir demək doğru deyil. Bu məsələnin müxtəlif aspektləri var.”
Aynurə İsmayıl
KONKRET.az
