backend

“Vestnik Kavkaza”: Ermənilərin separatçılıq siyasəti niyə uğursuzluğa düçar oldu? - ŞƏRH

Ermənistanın xarici siyasəti 1990-cı illərin dərin xaos dövründə formalaşdı. Postsovet məkanının bütün dövlətləri kimi, müstəqillik qazandıqdan sonra İrəvan xarici siyasətini sıfırdan qurdu. Təəssüf ki, postsovet Ermənistanı üçün o dövrdə respublikada müstəqil xarici siyasət xətti yürüdə bilən, beynəlxalq siyasəti incə bir şəkildə təhlil edə bilən insanlar yox idi. O dövrdəki vəziyyəti ən yaxşı şəkildə Ermənistan Mərkəzi Komitəsinin birinci birinci katibi Karen Dəmirçyan dəyərləndirmişdi. O müsahibələrinin birində rəhbər vəzifələrə təyin olunanların yaxşı bir mütəxəssis olduğu üçün deyil, “öz komandalarından” olduğu üçün seçildiyini bildirmişdi.

1990-cı illərdə Ermənistanda millətçilər və revanşistlərin siyasi üstünlüyü açıq-aşkar görünürdü. Qarabağ münaqişəsindəki “nə müharibə, nə sülh” mövqeyi son nəticədə  Ermənistanı Qərb üçün cəlbedici tərəfdaşlıqdan çıxardı. Təəssüf ki, 30 illik zaman fasiləsində Ermənistanda yaxşı şəkildə heç nə baş verməyib. Dünənki millətçi hərəkatın sıralarında olan gənclik  bu gün Ermənistanın siyasi hakimiyyətində radikal xarici siyasət yeridirlər. Ermənistan və işğal olunmuş Dağlıq Qarabağda özlərini “Müsəlman Şərqindəki xristian qalxanı” kimi göstərməyə çalışan ermənilər xristian Qərbinin  siyasətçilərinin diqqətini cəlb etmək əvəzinə Ermənistan-Türkiyə münasibətləri tarixində ən ağır bir məğlubiyyətlə üzləşdilər. Ermənistan-Azərbaycan münaqişəsini süni surətdə daha uzun hala gətirməklə erməni separatizmi dolayı yolla Türkiyə ilə Azərbaycan arasında geosiyasi yaxınlaşmaya kömək etdi.

Ermənistan və Azərbaycan xalqlarının zahiri oxşarlığını və ümumi Sovet keçmişini nəzərə alaraq “xristian forpostu” anlayışını dərk etmək çətindir. Ancaq  köhnəlmiş kimi görünən bu anlayışlar yenidən bəzi Qərb siyasətçilərinin diqqətini çəkir. Məsələn, noyabr ayının sonunda erməni separatizminin birtərəfli tanınmasını təkid edən fransız senatorların siyasətində olduğu kimi. Əslində bu, Qərb lobbiçiləri üçün ritorikadan, millətçilər üçün dəstək təqlidindən başqa bir şey deyil. Çünki müasir Fransa TOTAL və SOCAR arasındakı əməkdaşlıqdan gələn gəliri ermənilərin maraqlarına qurban vermək fikrində deyil.

Dörddə bir əsr əvvəl Ermənistan-Azərbaycan əlaqələrini qurban verən erməni separatçılar cəmiyyətə  alternativ variant təqdim etmədilər. Müharibədən əvvəl Ermənistanın ticarət dövriyyəsinin yarıdan çoxu Sovet Azərbaycanından keçirdi və müharibədən sonra bu imkanlar itirildi. Bölgənin tranzit imkanlarından sərbəst istifadə etmək fürsətini itirən Ermənistan Gürcüstan və İranın məhdud infrastrukturu ilə qarşılaşdı. Lakin İran İrəvan iqtisadiyyatına real investisiyalar yatırmadı. Yalnız Ermənistan əhalisinin fiziki cəhətdən sağ qalmasını təmin etdi. Ermənistanlı avantürüstlər populizmə üstünlük verərək öz mənbələri hesabına normal yaşaya bilmədi. Ermənistana az-çox dərəcədə dəstək verən  diaspor fondları da tədricən qlobal güclər qarşısında gözükölgəli və dili gödək duruma düşdü. Və Ermənistan geriyə addımlamaqda davam edir.

30 ildən sonra 2020-ci ildə Ermənistan və Qarabağdakı separatçı rejimin qalıqları yenidən xaricdən kömək istəmək məcburiyyətində qalırlar. Tanınmayan “DQR”  başçısı Arayik Arutyunyan bu yaxınlarda qondarma xalq (milli) razılığı hökuməti yaratmağa, rejimin qorunmasında kömək müqabilində “gücünün” bir hissəsini təslim etməyə hazır olduğunu açıqladı.

Bu arada Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın bu günlərdə etdiyi bütün çıxışlarında bir xətt var: Ölkənin beynəlxalq təcriddən qurtuluşu  yox, şəxsi nicatı əsas müzakirə obyektidir. Bu da erməni separatizminin dar macaldakı vəziyyətinin bariz nümunəsidir. Yəni bütün bəşəri çağırışlar son anda mədə maraqlarına qurban verilir. 30 illik siyasi-hərbi mübarizə yenidən sıfır nöqtəsinə gəldi. Heç nə qazanılmadı. Əksinə hər şey itirildi. Etibarlı tərəfdaşlar, mehriban qonşular və gözəl sosial rifah… Bunlar hamısı 30 il geridə qaldı.

İndi bütün Ermənistan günahkar axtarır. Paşinyan nəticələrin günahkarıdır. Bəs səbəblərə görə kim cavab verəcək?

SSRİ-nin dağılmasından otuz il sonra Cənubi Qafqaz respublikalarının inkişafında keçid dövrü artıq çoxdan başa çatıb. Hər respublika öz inkişaf yolunu tutub. Ermənistandan başqa…  Dövlətçilik təcrübəsinin olmaması, dinc yanaşı yaşamaq  istəyinin yoxluğu və dayanmaq bilməyən erməni separatizmi artıq Ermənistanın gələcəyini sual qarşısında qoyub.

“Vestnik Kavkaza”, 6 dekabr 2020

Tərcümə: KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*