Vətən müharibəsi iştirakçısı, Göyçay rayonu Alapout kənd sakini Əli Hüseyn oğlu İsrəfilov “müharibə veteranı” statusu ala bilmir.
Bununla bağlı KONKRET.az-a müraciət edən müharibə iştirakçısı bildirib ki, aidiyyəti qurumlara müraciətinə baxmayaraq, məsələ həllini tapmır: “2020-ci ildə Vətən müharibəsi başlayanda səfərbərliklə cəbhəyə yollanmışam. Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Lakin bu günə qədər “müharibə veteranı” statusumu ala bilmirəm”.
Şikayətçi bununla bağlı ölkə başçısına müraicət etdiyini də deyir: “Məktubuma cavab verildi ki, məsələ araşdırılacaq. Bununla yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinə də müraicət etmişəm. Qurumdan dedilər ki, Müdafiə Nazirliyinə (MN) müraciət etməliyəm. Mən də döyüş yoldaşlarımla MN-ə getdim və şikayətimiz dinləniləndən sonra araşdırma aparılacağı deyildi. Lakin problem hələ də həllini tapmayıb”.
Məsələ ilə əlaqədar MN-ə göndərdiyimiz sorğuya cavab ala bilməsək də, təbii ki, nazirliyin mövqeyini işıqlandırmağa hazırıq.
Problemi diqqətdə saxlayacağıq.
Mərahim Nəsib,
KONKRET.az