Vətən müharibəsi şəhidinin övladı dünyaya gəldi – FOTOLARbackend

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəldi - FOTOLAR

İsmayıllı rayonundan olan Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin 3 mart 2021-ci il tarixində öz adını daşıyan oğul övladı dünyaya gəlib. Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib.

KONKRET.az xəbər verir ki, 06 Mart 2021-ci il tarixində doğum evindən evə yola salınan şəhidimizin ailəsini xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Gənclə və İdman İdarəsinin və “Yaşat” Fondunun əməkdaşları qarşılayıblar.

“Şəhid ailələri və müharibə iştirakçıları hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Vətən müharibəsində şəhid olanların övladları bizə onların əmanətidir.

İsmayıllı Rayon İcra Hakimiyyəti şəhid övladlarını diqqətdə saxladığı kimi yeni doğulan körpə qəhrəmanımızı da daim qayğı ilə əhatə edəcəkdir”, – deyə RİH-dən bildirilib.

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub. R. Musayev Vətən müharibəsində xüsusi Təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 03 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, ” Fizulinin azad olunmasına” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*