Son zamanlarda şəcərə araşdırması üçün Milli Arxiv İdarəsində müraciət məsələləri təkrar gündəmə gəlib. Artıq soy araşdırması etmək istəyənlərin sayının getdikcə artdığı bildirilir.
Məlumata görə, arxiv sistemində təqdim olunan xidmətlərin əksəriyyəti pulsuzdur. Yalnız bəzi istisna hallarda, məsələn, sənədin surəti və ya onunla bağlı arayış tələb olunduqda ödəniş zərurəti yaranır. Hər kəs bura müraciət edərək müəyyən sənədlər əsasında soy-kökünü araşdıra bilər.
Ümumiyyətlə, Milli Arxiv İdarəsindəki məlumatların dəqiqliyi, obyektivliyi nə dərəcədə güvənilirdi? Kimsə öz şəcərəsi haqda məlumatları inandırıcı saymasa, bununla razılaşmasa, apelyasiya vermək, yeni araşdırma tələb etmək haqqına sahibdirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Azərbaycanda dövlət arxivləri vətəndaşların şəxsi və ictimai maraqlarına xidmət edən mühüm hüquqi institutlardan biridir:
“Şəcərə araşdırması prosesi ilk baxışda sırf tarixi-mədəni xarakter daşısa da, əslində mülki, miras və inzibati hüquq ilə birbaşa bağlı olan məsələdir. Bu səbəbdən, mövcud normativ-hüquqi aktların analitik baxışla təhlili vacibdir. Şəcərə araşdırmasının hüquqi əsası bir sıra qanunvericilik aktları ilə müəyyən olunub. Konstitusiyanın 50-ci maddəsi hər kəsin informasiya əldə etmək hüququnu təsbit edir.
“Azərbaycan Respublikasının Arxiv Fondu haqqında” Qanun dövlət arxivlərində saxlanılan sənədlərdən vətəndaşların istifadəsi hüququnu, “İnformasiya əldə etmək haqqında” Qanun vətəndaşın informasiya əldə etmək mexanizmlərini, “Vətəndaşların müraciətləri haqqında” Qanun dövlət orqanlarının cavablarının apelyasiya olunması imkanını təmin edir. “İnzibati icraat haqqında” Qanun isə inzibati orqanların aktlarının, hərəkət və ya hərəkətsizliyinin apelyasiya qaydasını müəyyən edir. Sadaladığım normativ baza göstərir ki, şəcərə araşdırması yalnız arxiv xidməti deyil, həm də inzibati hüquqi münasibət xarakteri daşıyır”.
Hüquqşünasın sözlərinə görə, vətəndaş şəcərə araşdırması ilə bağlı müəyyən hüquqlara malikdir:
“Vətəndaşlar arxiv sənədlərindən çıxarış və məlumat əldə etmək, əlavə sənədlərin nəzərə alınması ilə yeni araşdırma aparılmasını tələb etmək hüququna sahibdirlər. Habelə şikayət və apelyasiya hüququ – arxiv orqanının qərarı, hərəkəti və ya hərəkətsizliyindən yuxarı instansiyaya müraciət edə bilərlər. Bundan əlavə, inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək də mümkündür.
Apelyasiya və məhkəmə mübahisələri əsasən iki istiqamətdə cəmlənir:
– inzibati aktın qanunauyğunluğu – arxiv idarəsinin verdiyi cavabın, yəni şəcərə barədə təqdim edilən məlumatın düzgünlüyü;
– inzibati hərəkətsizlik – arxiv orqanının müraciəti vaxtında araşdırmaması, vətəndaşın təqdim etdiyi əlavə sübutları nəzərə almaması”.
E.Bayramova əlavə edib ki, İnzibati Prosessual Məcəllənin (İPM) 52-ci maddəsinə əsasən, sübutetmə yükü inzibati orqanın, yəni arxiv idarəsinin üzərinə düşür:
“Şəcərə mübahisələrində sübutların toplanması və təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. İPM-nin 75-ci maddəsinə görə, bütün sübutlar məhkəmə vasitəsilə tərəflərin iştirakı əsasında araşdırılmalıdır. İnzibati aktın verilməsi və ya hərəkətsizlikdən şikayət üçün ümumi müddət 30 gündür. Bu müddət ərzində şikayət edilmədikdə, yalnız məhkəmə qaydasında hüququn bərpası mümkündür.
Hüquqi dövlət prinsipi tələb edir ki, heç bir inzibati qərar vətəndaşın etirazı və sübutları nəzərə alınmadan yekun həqiqət kimi qəbul edilə bilməz”.