Türkiyədə kommunal və kirayə borclarını ödəməyən şəxslərin həbs olunacağı ilə bağlı yayılan məlumatlar Azərbaycanda da oxşar mexanizmin olub-olmaması sualını gündəmə gətirib.
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Etibar Qarayev bildirib ki, Azərbaycanda kirayə münasibətləri yalnız müqavilə əsasında həyata keçirilir:
“Kirayə müqaviləsində tərəflərin hüquq və öhdəlikləri, kirayə haqqının məbləği, ödəniş tarixləri və digər şərtlər dəqiq göstərilir. Əgər ödənişdə gecikmə olarsa, tərəflərin razılaşmasına uyğun olaraq dəbbə pulu və cərimələr tətbiq edilə bilər. Mübahisə yaranarsa, məsələ məhkəmə qaydasında həllini tapır”.
Hüquqşünasın sözlərinə görə, sadəcə kirayə və ya kommunal borcuna görə şəxsin azadlıqdan məhrum edilməsi qanunvericiliyə uyğun deyildir”.
“Kirayə haqqını ödəməyən şəxsdən vəsaiti yalnız məhkəmə qaydasında tələb etmək mümkündür. Əgər məhkəmə kirayə verəni haqlı bilirsə, borcun ödənilməsi ilə bağlı qətnamə qəbul olunur. Həmin qətnamə icra olunmazsa, artıq bu halda məhkəmə qərarının icrasından yayınmaya görə borclunun həbs olunması gündəmə gələ bilər”.
Beləliklə, Azərbaycanda birbaşa kirayə və ya kommunal borcuna görə həbs mümkün olmasa da, məhkəmə qərarını icra etməyən şəxslər qanunvericiliyə əsasən azadlıqdan məhrum edilə bilərlər.
Aynurə İsmayıl
KONKRET.az