“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı bağlı cinayət işi başlanıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları davam edir.
Qeyd edək ki, S.Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində “Neftçi” “Xəzər Sumqayıt”, “Avtomobilçi”, “MOİK Kiyev”, “Kəpəz” və “Çıraqqala Siyəzən” komandasında çıxış edib. Keçmiş forvard 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.
S.Şıxlarov 2004-cü ildə “Neftçi-2″nin, bir il sonra isə “Şirvan”ın baş məşqçisi olub. Mütəxəssis 2006 – 2008-ci illərdə “Olimpik”də, 2008-ci ildə “Neftçi” və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.
Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb.
İyunun 1-də Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində S.Şıxlarovu avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib və Şirvan şəhərində valideynlərinin yanında torpaşa tapşırılıb.