İsrailin İrana hava hücumu əslində bir çox mətləbləri ortaya çıxardı. Əslində bundan əvvəlki lokal xarakterli hava zərbələri də mahiyyət etibarilə Tehranın iç üzünü ortaya qoymuşdu. Amma budəfəki hücum pik hədd sayıla bilər. Təbii ki, əgər İsrail zərbələri davam etdirib prosesi genişmiqyaslı müharibəyə qədər aparmasa…
Bəs İrana hücum hansı mətləbləri ortaya çıxarıb, yaxud fars-molla rejiminin mahiyyətini açıb?
Birincisi, İran hakimiyyəti tarix boyu Azərbaycanın mənfur düşməni olan Ermənistanla isti münasibətlər quraraq ölkəmizə qarşı daim mənfi açıqlamalarla yadda qalıb. Səfirliyimizə hücum, Zəngəzur dəhlizi məsələsindəki mövqe, Azərbaycana qarşı casusluq edənlərin gizlədilməsi, eləcə də ayrı-ayrı dövlət rəsmiləri tərəfindən rəsmi Bakıya qarşı təhdidedici fikirlərin səsləndirilməsi bunun bariz nümunəsi sayıla bilər.
Ancaq məsələ bunlarla da bitmir. İran hər zaman regionda özünü “böyük güc”, “sarsılmaz dövlət”, qısacası söz sahibi elan edib. Bir növ “İran dağılmaz bir dövlətdir” mifini yaratmağa çalışıblar. Ancaq aydındır ki, bütün bunlar boş söz yığınından başqa bir şey olmayıb. Digər tərəfdən, Azərbaycanın regionda gücə çevrilməsini və nufuz qazanmasını həzm edə bilməyən İran rejimi ölkəmizə qarşı sərt ritorikaya və boş hədəyə üstünlük verib. İranın dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin “Zəngəzur dəhlizi açılmayacaq və İran buna imkan vermədi” açıqlaması bunun bariz nümunəsi sayıla bilər. Vilayəti daha da irəli gedərək və ABŞ-a, Qərbə meydan oxuyaraq bildirirdi ki, Zəngəzur dəhlizi ilə bağlı məsələyə əksər dünya gücləri razılıq versələr də, İranın qətiyyəti buna imkan verməyib. Bununla İran özünü dünyaya qüdrətli dövlət kimi sırımağa çalışırdı. Yəni bir növ, “Burada mənəm, Bağdadda kor xəlifə” misalını tətbiq etmək istəyirdi. Ancaq İsrailin İrana hücumu rəsmi Tehranın söz və əməli arasında böyük ziddiyyətlər olduğunu sübuta yetirdi. Vilayətinin “Zəngəzur dəhlizi” açıqlamasından 48 saat keçməmiş İranın başına bombaların yağması və yüksək rütbəli rəsmilərin, eləcə də strateji obyektlərin məhvi fars-molla rejiminin dünyada yaratdığı MİFİ cəmi 5-6 saat içində alt-üst etdi.
Müşviq Tofiqoğlu
KONKRET.az