“Ermənistanın Krımla bağlı mövqeyi Rusiyanın Qarabağdakı vəziyyətdə iştirakını xeyli artıra bilər”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində rusiyalı politoloq Fyodor Voytolovski deyib.
“Müttəfiqlərin öhdəlikləri həmişə ikitərəfli yoldur. Ona görə də geriyə baxsanız, nə Ermənistanın indiki hökuməti, nə də əvvəlki hökumət Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı mövqeyini bildirib”, – deyə o bildirib.
Politoloq deyib ki, əgər Ermənistan hökumətinin Krımla bağlı dəqiq mövqeyi olsaydı, o zaman, Rusiyanın Qarabağda və ümumiyyətlə, situasiyada iştirakı daha çox olardı.
Ekspert hesab edir ki, Rusiya Ermənistan qarşısında götürdüyü bütün hərbi öhdəliklərə əməl edir: Gümrü bazası qalır, Rusiya sülhməramlıları Qarabağ münaqişəsinin həlli zonasındadır, Rusiya diplomatik vasitələrlə 44 günlük müharibəni dayandırıb.
“Biz digər qarant ölkələrin, ATƏT-in “Minsk qrupu”nun həmsədrlərinin mövqeyini gördük. Sadəcə olaraq, 2020-ci ildə Qarabağdakı vəziyyətə məhəl qoymadılar.
Rusiya prosesə müdaxilə edərək prosesin siyasi-diplomatik müstəviyə keçməsinə nail oldu. Bəli, bundan sonra çoxlu insidentlər oldu, Ermənistan-Azərbaycan toqquşmaları təkcə Qarabağda deyil, Ermənistanla Azərbaycan sərhədində də baş verdi.
Əgər Ermənistanın həm əvvəlki, həm də indiki hakimiyyəti təkcə Krımla bağlı deyil, həm də Qarabağ, onun “status”u, müstəqilliyinin tanınması, Ermənistana birləşdirilməsi və sairlə bağlı daha aydın mövqe tutsaydı, o zaman Rusiyanın müttəfiqlik öhdəlikləri başqa cür tətbiq oluna bilərdi”, – deyə Voytolovski sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az