Keçən ay keçmiş Sovet İttifaqı respublikaları olan Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasında əsas pay sahibi olan Kreml Ankaraya müəyyən güzəştə getmək məcburiyyətində qaldı. Belə ki, bundan sonra sülhməramlıların fəaliyyətinə birgə nəzarət edəcəklər.
Türkiyənin Azərbaycana verdiyi güclü hərbi dəstək Kremlin, Rusiya Prezidenti Vladimir Putinin də dediyi kimi, “göz ardı edilə bilməyəcəyi bir həqiqətdir”. Kremlin NATO üzvü və bir zamanlar ABŞ-ın müttəfiqi olan Türkiyəni Avropa, Orta Şərq və Asiya ilə kəsişməsində güclü bir oyunçuya çevirmək səyləri təsadüfi deyil.
Əvvəla, Türkiyə Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti saxlamaq istəyən erməni qoşunları üzərində qələbəsində həlledici rol oynadı. Dekabrın 10-da Ərdoğan Azərbaycandakı hərbi paradda fəxri qonaq oldu. İşğal altındakı Dağlıq Qarabağ ərazilərini geri almaq kampaniyasını uğurla başa vuran Azərbaycan qoşunlarının paradda nümayiş etdirdikləri silahlar arasında Türkiyənin pilotsuz döyüş təyyarələri də vardı.
Azərbaycan Prezidenti İlham Əliyev paraddakı çıxışında vurğuladı ki, “İlk günlərdən, daha doğrusu, Vətən Müharibəsinin ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss etdik”.
Doğrudanda müharibə müddətində Türkiyə Azərbaycanla sanki birgə nəfəs aldı. İstanbuldakı 220 metrlik televiziya qülləsi son bir ay boyunca iki ölkənin bayraqlarının rəngləri ilə işıqlandırıldı. Türkiyənin hər köşəsində Türkiyə-Azərbaycan ittifaqı açıq şəkildə nümayiş etdirildi.
Analitiklərin fikrincə, Rusiya bölgədəki hakim güc olaraq qalır və son hadisələr, sülh müqaviləsi çərçivəsində 2000 rus əsgərinin Azərbaycana gəlməsi bu statusu daha da gücləndirir. Eyni zamanda, Putin Türkiyə ilə digər NATO üzvləri arasında bir fərq qoymaqda davam edərək Ankaranın Qafqazda nüfuzlu oyunçu olmasına icazə verdi.
Lakin onların fikrincə, bir neçə ay əvvəl Rusiyanın silah və hərbi texnika ilə təchiz etdiyi Ermənistan ordusu Türkiyənin dəstəyi ilə Azərbaycan qoşunları tərəfindən darmadağın edilməsinə Moskvanın uzun müddət laqeyd qalacağı inandırıcı deyil. Amma hələlik Rusiya Türkiyənin istəklərinə qarşı açıq şəkildə çıxmır. Əksinə Rusiya Türkiyənin bəzi tələblərini yerinə yetirir. Məsələn, Ermənistanı keçməklə Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək 50 kilometrlik nəqliyyat dəhlizinin yaradılması üçün şərait yaratmağa məcbur olduğunu qeyd etmək olar. Bu dəhliz Ankaradan Bakıya birbaşa yol nəqliyyatına imkan verəcəkdir.
Ermənistan tərəfinin fikrincə, bu müharibə Türkiyəyə Ermənistanın müdafiə xəttlərini dağıdan və qoşunlarına sarsıdıcı zərbə vuran pilotsuz döyüş təyyarələrinin effektivliyini nümayiş etdirməyə imkan verdi. Vladimir Putin və Əliyevlə sülh müqaviləsi imzalandıqdan bir müddət sonra Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi əməliyyatların davam edəcəyi təqdirdə ölkəsinin hərbi fəlakət və tam məğlubiyyətlə qarşılaşacağını söylədi.
Sülh müqaviləsinə uyğun olaraq, ermənilər Xankəndi və bir neçə qonşu şəhərlərdə yaşamaq hüququnu saxladılar. Ancaq 1990-cı illərin əvvəllərində Ermənistan işğal etdiyi ərazilərin hamısını Azərbaycana qaytarmaq məcburiyyətində qaldı. Üstəlik yeni yaranan mənzərə Türkiyəyə güclü erməni diasporunu sakitləşdirmək və Ermənistanla danışıqların bərpası üçün böyük bir fürsət verəcək.
Cümə axşamı azərbaycanlı həmkarı ilə keçirdiyi ortaq mətbuat konfransında Ərdoğan Ermənistanın bölgədə sülhə nail olmaq üçün addımlar atması halında sərhədlərin açılmasının mümkün olacağını söylədi. “Biz erməni xalqına nifrət bəsləmirik, onlarla heç bir problemimiz yoxdur. Problem Ermənistan rəhbərliyindədir-deyə Ərdoğan bəyan etdi.
“Wall Street Journal” (ABŞ), 14 dekabr 2020.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az