“Danışıqların alternativi müharibədir. Təəssüf ki, 2020-ci ilin 44 günlük müharibəsindən əvvəl danışıqlarda uğursuzluqlar oldu”.
KONKRET.az xəbər verir ki, bunu oktyabrın 24-də jurnalistlərlə söhbətində parlamentin “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan Tehranda 3+3 formatında keçirilən görüş barədə danışarkən deyib.
“Bu hakimiyyətlər bütün danışıqlar prosesini iflasa uğratdılar, bütün müttəfiqlərini itirdilər və yeni müttəfiqlər qazanmadılar. Danışıqlardan uzaqlaşmazdan əvvəl alternativin nə olduğunu başa düşməlisiniz. Deməli, danışıqlara getmək düzgün addımdır, amma vacib olan danışıqlar masasının harada olması deyil, danışıqlar masasında nələrin olmasıdır”, – deyə deputat bildirib.
O qeyd edib ki, indiki hakimiyyət KTMT və MDB platformalarını boykot edir. “Onlar “erməni qovşağı” haqqında danışırlar. Hələ ötən ilin fevralında bununla bağlı sorğu göndərmişdim və Ermənistan Ərazi İdarəetmə Nazirliyindən cavab verilmişdi ki, texniki nəzəri araşdırma başa çatdıqdan sonra bunu müzakirə etmək olar, yəni bu araşdırma olmadan açıqlama vermək məntiqsizlikdir. Öz hesablamalarım göstərir ki, yaxşı şeylər olmayacaq. Bir tərəfdən Türkiyənin Ermənistana doöru genişlənməsi, digər tərəfdən isə daha qısa İcevan-Qazax marşrutunun mövcudluğunda cənub yolu əldə etmək istəyi. Görünən odur ki, bu, Azərbaycanın təzyiqi ilə həyata keçirilir”, – deyə müxalifətçi deputat bildirib.
Artur Xaçatryan oktyabrın 23-də Rusiyanın birinci kanalında yayımlanan proqramdan da danışıb: “Paşinyan Ermənistan-Rusiya münasibətlərinin yaxşı olduğunu deyir. Bu, belədirsə, Ermənistan-Rusiya münasibətlərinə xələl gətirən verilişlər niyə efirə verilir? Nikol Paşinyanın anti-Rusiya bəyanatları Ermənistan-Rusiya münasibətlərinə ciddi təsir edir. Dövlətlərarası münasibətlərə müxalifətlə iqtidarın açıqlamaları eyni təsir etmir. Bu gün Paşinyan Ermənistanda birinci şəxsdir və onun hər bir sözü dövlətin mövqeyi kimi qəbul edilir”.
Deputat Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması ilə bağlı çağırışlara da toxunub: “Bu çağırışlar çoxdan edilir. Bu, xarici siyasi vektorun dəyişdirilməsinin tərkib hissələrindən biridir. Nə qədər desələr də, bu cür siyasət Ermənistanı məhvə aparır”.
Natiq Səlim,
KONKRET.az