Ermənistanda belə fikir formalaşıb ki, Avropa tezliklə Azərbaycana sanksiya tətbiq edəcək və ermənilərin də könlü xoş olacaq. Erməni cəmiyyətinin rahatlıq tapdığı bu informasiyalar əslində daxili auditorya üçün hesablanıb.
KONKRET.az xəbər verir ki, bunu erməni siyasi dairələrində anlayan adamlar var və onlar sanksiya söhbətini tirajlayan KİV-i hakimiyyətin diqtəsi ilə işlədiyini deyir. Erməni politoloq Artur Xaçikyan da bu fikirdədir: “Avropalılar Azərbaycana qarşı sanksiyalar tətbiq etmək fikrində olmadıqlarını, başqa sözlə, Aİ Ermənistana kömək etmək niyyətində olmadığını gizlətmir. Lakin bununla yanaşı, Ermənistana xeyli vəsait göndərilir ki, yerli təbliğatçılar və “şamanlar” fəal şəkildə hamıya təbliğ etsinlər ki, Avropa bizə kömək edəcək”.
Onun sözlərinə görə, Fransanın Ermənistana satdığı bəzi müdafiə silahlarını Türkiyə bir neçə saat ərzində məhv edəcək: “Ermənistanın hakim elitasının təşkilatçılıq qabiliyyəti və potensialı, eləcə də Türkiyənin texniki və kəşfiyyat imkanları şəraitində bu, böyük problem olmayacaq. Problem ondadır ki, xalqımız bütün bu təbliğatçıların, şamanların hipnozu altındadır.
Rusiyanın Ermənistandan birdəfəlik çıxarılmasının hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı isə dəqiq fikir yoxdur. Ümumiyyətlə, indiki hakimiyyətin xarici siyasət xətti ikiqütblüdür. Beş dəqiqədən bir mövqenin dəyişməsi psixi pozğunluğun əlamətidir. Ona görə də ölkənin real müttəfiqləri yoxdur. Düşmənlərimizdən öyrənəcəyimiz çox şey var. Fikir verin, Əliyev Putinlə əla münasibətdədir. Azərbaycan Rusiyanın müttəfiqidir, lakin bu, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinə mane olmur. Ermənistan isə fərqli mövqe sərgiləyir”.
Vəli Həsənov,
KONKRET. az