Cənubi Qafqazda yaranan geosiyasi vəziyyət beynəlxalq güclərin regiona marağını daha da artırıb. Üstəlik, regional dəhlizlərin işə düşməsini tələb edən ölkələrin strateji maraqlarından irəli gələn siyasi vəziyyət gündən-günə dəyişir. Erməni siyasi analitiklər də hesab edirlər ki, Zəngəzur dəhlizinin açılması təkcə region ölkələri üçün deyil, Ermənistan üçün də iqtisadi səmərə verəcək və ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayacaq.
KONKRET.az xəbər verir ki, politoloq Artur Xaçikyan bildirib ki, Azərbaycan dəhlizi zorla ələ keçirəcək və bütün proseslər ona aparır: “İlham Əliyev təkid edir ki, Azərbaycan ərazilərini birləşdirəcək dəhlizə ekstraterritorial status verilməlidir. Ermənistanın bu prosesi dayandırmağa sadəcə haqqı yoxdur.
Dünyada güc qanununun olduğunu camaatımıza daha neçə il izah etmək mümkün olacaq, bilmirəm. Əliyev çox israrla öz məqsədinə doğru gedir.
Mən bu naşı, satqın dəstənin hərəkətlərindən çox, İlham Əliyevin siyasətini şərh etməkdən məmnun oluram. O, rasional siyasətçi kimi davranır və hərəkətləri tamamilə başadüşüləndir. Bizi Azərbaycanı işğal edən düşmən kimi görür. İlham Əliyev bütün məsələləri həll etməyə nail olur. Azərbaycanda yaxşı bilirlər ki, Qərb də, Avropa da, ABŞ da, təəssüf ki, Rusiya da öz maraqlarına boyun əyəcək. Ermənilərsə sadəcə təslim olurlar. İlham Əliyevin savadı var və ermənilərin tarixini özlərindən yaxşı bilir. O bilir ki, Ermənistan beynəlxalq hüquq və normalara, müqavilə adlanan sənədlərə arxalana bilməz. İlham Əliyev daha rasionaldır, olduğu kimi danışır. Gördünüz də Avropanı, Rusiyanı, Amerikanı öz kəmərinin altına qoyub, istədiyini etdi. Təbii ki, o, eyni ruhda davam edəcək. Burada təəccüblü bir şey yoxdur. Bizim başımıza gələnlərə, beşinci ildir baş verənlərə və davam edənlərə cəmiyyətimiz necə dözür? Ucuz piar kampaniyaları ilə daim xalqın diqqəti yayındırılır. Ermənistan rəhbərliyi hansısa “Dünyanın kəsişməsi”ndən danışır. Qərbli ağalarından aldıqları vəsaitlə piar edirlər, Əliyev isə silah alıb problemlərinin həlli ilə məşğul olur.
Erməni xalqına gəlincə, beynəlxalq münasibətlərdən, təhlükəsizlikdən heç bir anlayışı olmayan korrupsioner jurnalistlər və qondarma ekspertlərin fırıldaq şərhlərini dinləmək məcburiyyətindədir. İlham Əliyev daha ağıllı və bacarıqlı rəhbərdir. O, Azərbaycanda belə şeylərin baş verməsinin qarşısını alıb”.
Daha sonra Ermənistanı nəhəng əyalət bataqlığına bənzədən politoloq bildirib ki, ermənilərin sevimli janrı kofe fallarıdır: “İnsanlar öz xəyallarını içdikləri qəhvələr əsasında müzakirə etməyə üstünlük verirlər. Erməni cəmiyyəti qəhvə qabının dibində ilişib qalan simvollarla idarə olunur. Budur, erməni cəmiyyətinin mahiyyəti”.
Vəli Həsənov,
KONKRET.az