Xaçmazda Qusarçay çayının sahilində yerləşən Gödəkli kəndinin sakinləri çaydakı suyun çəkilməsinə görə həyəcan təbili çalır. Uzun illərdir daşa görə çaya qənim kəsilən işbazların əlindən təngə gələn vətəndaşlar dəfələrlə yolu bağlayaraq onların fəaliyyətinə əngəl olmağa çalışıb. Amma onların maneəsi bir gündən artıq nəticə verməyib.
“Hər gün bu çaydan 60-70 kamaz daş aparılır. Bu səbəbdən sularımız çəkilib, suvarma suyumuz yoxa çıxıb. Heçnə əkib becərə bilmirik”.
Dəfələrlə DİN-nin və ETS Nazirliyinin qaynar xəttinə müraciət edilib. Çaydakı daşın yığılması suyun səviyyəsinin enməsinə səbəb olduğu qədər digər bir ekoloji fəlakətə də yol açıb. Belə ki, çay məcrası boyunca olan bağ sahələri zamanla aşınıb dağılıb.
“Mənim bağım son 5 ildə 2 sot azalıb. Bəhər verən 20 ağacım aşınan torpaq qatı ilə birgə yoxa çıxıb”.
Ərazidə çəkiliş aparan zaman həmin çaydan daş aparan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmaz 4 saylı MMC-nin yük avtomobillərinə rast gəldik. Sakinlər nəqliyyat vasitələrinin qarşısını kəsib fəaliyyətlərinə əngəl oldular. Məsələ ilə bağlı idarənin rəhbəri Orduxan Həsənəliyevlə əlaqə saxladıq. İdarə rəisi bunun rəhbərliklər arasında razılaşdırıldığını bildirdi.
“Biz o çaydan apardığımız daşı atamızın evinə aparmırıq. Həmin daşlar hazırda bərpa olunan Mənçəroba–Çiləgir kənd yoluna gedir. Bu məsələ bizim rəhbər şəxslər arasında razılaşdırılıb”
Problemdən ETSN-nin 5 saylı Ərazi Ekologiya Şöbəsi də xəbərdardı. İdarənin rəisi Vaqif Cavadovun KONKRET.az-a verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır. Onun sözlərinə görə məsələ araşdırıldıqdan sonra hüquqi tədbir görülməsi üçün müvafiq qrumlara müraciət olunacaq. Sözügedən problemlə bağlı artıq AAY Dövlət Agentliyinin Xaçmaz 4 saylı MMC-nin rəhbəri Orduxan Həsənəliyev ETSN-nin 5 saylı ərazi Ekologiya Şöbəsinə çağrılıb.
Hazırladı: Cəlal FƏRZƏLİYEV, Günel MUSEYİB