Xaçmazda ev sahibi 11 büküm qızıl tapdı – Başı dərdə düşdübackend

Xaçmazda ev sahibi 11 büküm qızıl tapdı – Başı dərdə düşdü

Azərbaycanda milyondabir insanın başına gələ biləcək kuryoz hadisə baş verib. Xaçmaz rayon sakini Şahin Ağayevin başından, sözün əsl mənasında, sərvət yağıb. Amma bu olay onu dərdə salıb. 

KONKRET.az-a bu barədə Ş.Ağayevin özü məlumat verib. Vətəndaş Xaçmaz rayonu Ramil Sadıqov küçəsi, 8a saylı evindən tapilan külli miqdarda qızıl-zinyət əşyalarının əlindən çıxdığını deyir.

Hadisənin təfərrüatlarını isə belə açıqlayır: “Mən bu evi 20 il bundan öncə almışam. Bu ilin noyabrın 19-da evdə təmir işləri aparmağa başladım. Evin dam hissəsini dəyişəndə qonşumu və bir uzaq qohumumu da köməyə çağırdım. Söküntü zamanı ikinci mərtəbənin tavanından təxminən 600 qramlıq qızıl-zinyət əşyaları çıxdı”.

Ş.Ağayev deyir ki, bundan sonra evi sökmək üçün köməyə çağırdığı həmyerliləri polisə məlumat veriblər və o, bölməyə dəvət olunaraq, əmlakı təhvil verib.
Vətəndaş iddia edir ki, həmin əşyalar onun mərhum atasına məxsus olub və bu səbəbdən də mülkiyyətçi özüdür. “Qızıllar atamındır. Həmişə “nəvəmə ev tikəcəm, toy edəcəm”, – deyirdi. Amma indi polis onları mənə qaytarmır. Deyirlər ki, guya evin köhnə sahibinə məxsusdur. Evin keçmiş sahibi isə rəhmətə gedib. Oğlunu tapıb bölməyə çağırıblar. Qızılları qeyri-qanuni yolla ona vermək istəyirlər. Həmin adam da iddia edir ki, qızıllar onun atasına məxsusdur. Polis isə deyir ki, əmlak dövlətə məxsusdur, bölgü aparır. Bu, mənim evimdən çıxıbsa, niyə dövlətə məxsus olmalıdır? Həyətimdə yerdən çıxmayıb ki, dövlətin sərvəti sayılsın?”.

Müxbirimiz vətəndaş müraciətilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məsələyə belə aydınlıq gətirib:

“Şahin Ağayev həmin evi 20 il bundan öncə alıb. Və ötən ay orada təmirə başlayıb. Təmir zamanı evin dam örtüyündən 11 büküm qızıl-zinyət əşyaları tapılıb. Lakin ev sahibi bu barədə polisə məlumat verməyib. Sonradan əməliyyat məlumatı əsasında fakt üzə çıxıb və həmin şəxs dindirilmək üçün Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət olunub. Vətəndaş bölmədə tapılan əşyaların onun atasına məxsus mülk olduğunu deyib.

Lakin qısa müddətdə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olub ki, evi 20 il əvvəl Şahin Ağayevə satan şəxs zərgər olub. Həmin insan sonradan rəhmətə gedib və onun oğlu da hazırda zərgər işləyir. Sonra həmin şəxs bölməyə çağırılaraq, sorğu-sual edilib. Və vətəndaşın sözlərindən belə məlum olub ki, mərhum atası dünyasını dəyişənə yaxın yaddaş pozuntusu problemi yaşayıb. Bundan öncə isə evdə qızıl saxlaması barədə oğluna məlumat verib, lakin bir neçə yerdə axtarış aparılsa da, heç nə tapılmayıb. Həmin vətəndaş da iddia edir ki, tapılan əşyalar onun atasına məxsusdur”.

X.Talıbov Mülki Məcəllədə hər hansı tapıntı əşya ilə bağlı ərazi üzrə polis orqanı tərəfindən bir il müddətində araşdırma aparıldığını diqqətə çatdırıb: “Həmin qiymətli əşyaların cinayət yolu ilə əldə edildiyi faktı da üzə çıxa, yaxud başqa hallar da ola bilər. Əgər belə neqativlər üzə çıxmazsa, əsl sahibi tapılmazsa, tapan adam, yəni ev sahibi həmin əmlakdan mülkiyyətçi kimi yararlana bilər”.

Baş inspektor hazırda faktla bağlı araşdırmaların davam etdiyini, proses yekunlaşan kimi əlavə məlumat veriləcəyini deyib.

Sevinc Paşayeva,

KONKRET.az

P.S. Məsələni diqqətdə saxlayacağıq.

  • MİRZƏ VƏKİL
    Dekabr 25, 2023 - 20:12

    Belə məsələləri vəkilsiz -nünayəndəsiz öz axarına buraxmaq sadəlövlükdür.Vəkilə müraciət edin,o qanunlarla tapıntının kimə məxsus olduğunu rəsmi şəkildə cavablandırsın.

    • Bakidan
      Dekabr 26, 2023 - 21:24

      Evveler Kiwilerin yaninda baw kesilende, hec kes bilmirdi. Indi ise “kiwi” hemyerlileri bu hadiseni dunyaya car tutublar. Evvela onlarin sifetlerine herkes tupursun.
      Sonrasi mutleq muraciet etmek lazim vekile ve bubiwe sona kimi catdirmaq lazim. Mutleq.
      Allah komeyin olsun Sahin Agayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*