İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Prezident İlham Əliyevlə görüşdə iki ölkə arasında gərginlik yaradan bir sıra məsələləri müzakirə etməsi birmənalı qarşılanmayıb. Bir çoxları İranın öz səhvlərindən nəticə çıxardığını və tərəflərin barışığa və gərginliyi azaltmağa doğru addımlar atdığını söyləyiblər. Bəs görəsən, Abdullahianla aparılan danışıqları Azərbaycan və İranın barışıq görüşü adlandıra bilərikmi? Yəni İranın XİN başçısının səfərindən sonra tərəflər barışığa gedəcəkmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul etməsi və yaxın perspektivdə qarşılıqlı münasibətlərin normallaşmasını ehtiva edən bir sıra məqamlara diqqət çəkilməsi, Bakı ilə Tehran arasındakı gərginliyin ən azı müəyyən zaman kəsiyində səngiyəcəyini söyləməyə əsas verir:
“Amma regionun gələcəyi ilə bağlı bir sıra mühüm məsələlərə baxış bucağında fundamental dəyişikliklərin baş verəcəyini gözləmirəm. Digər tərəfdən, münasibətlərin normal məcraya yönəlməsi üçün ilk növbədə İran tərəfi qarşılıqlı münasibətlərin gərginləşməsinə səbəb olan problemlərin həlli istiqamətində konkret addımlar atmalı və əsassız iddia və ittihamlarından əl çəkməlidir. Rəsmi Tehran birdəfəlik anlamalıdır ki, Azərbaycanın bölgədə həyata keçirdiyi layihələr, o cümlədən Zəngəzur dəhlizi İranın əleyhinə yönəlməyib, əksinə bölgədə iqtisadi fəallığın artmasına xidmət edir. Və təbii ki, İran da bu prosesdən xüsusilə indiki dövrdə faydalana bilər. Həmçinin, Tehran Azərbaycan səfirliyində həyata keçirilən terror aksiyasının istintaqına vəd verdiyi kimi ciddi yanaşmalı, ərazisində Azərbaycana qarşı cinayətlərdə şübhəli bilinən, haqlarında cinayət işi açılmış, yaxud qiyabi məhkəmə hökmləri çıxarılmış şəxsləri gizlətməkdən, himayə etməkdən əl çəkməli, Azərbaycan xalqının seçdiyi inkişaf yoluna, Azərbaycan dövlətinin suveren hüquqlarına hörmətlə yanaşmalı, ölkəmizə qarşı davamlı təxribat həyata keçirən resurslarının fəaliyyətinə son verməlidir”.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin İranın Xarici işlər nazirini qəbul etməsi Azərbaycanın qarşılıqlı münasibətlərin gərginləşməsində maraqlı olmadığını və xoş niyyətini ifadə edir:
“Bu xoş niyyəti dəyərləndirmək missiyası isə İranın üzərinə düşür. Əgər yaxın zaman ərzində İran qarşılıqlı münasibətlərin gərginləşməsinə zəmin yaradan problemlərin aradan qaldırılması istiqamətində nəticəyönümlü konkret addımlar atarsa, o zaman münasibətlərin müəyyən qədər normal məcraya yönələ biləcəyinə ümid bəsləmək olar. Amma bu, İranın Azərbaycanın ictimai rəyində dost ölkə kimi qəbul olunacağı anlamına gəlməməlidir. Tehran 44 günlük müharibənin ilk günlərindən başlayaraq Azərbaycana qarşı o qədər böyük haqsızlıqlar edib ki, dövlət siyasi münasibətlər zəminində üzərindən keçsə də, xalq bağışlamayacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az