İranın yeni prezindeti Məsud Pezeşkianın hökuməti formalaşdırmaq üçün parlamentə təqdim etdiyi namizədlərin bəziləri etirazla qarşılanıb. Hətta dövlət başçısı bir neçə gün əvvəl “X” hesabında parlamentdən “Milli birlik” adlandırdığı kabinetə etimad göstərməsini tələb edib.
Maraqlıdır, İslam Şurası Məclisinin yeni kabinetdəki namizədlərdən narazı qalmasının səbəbləri nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan həmin səbəblərdən danışıb:
“Məsud Pezeşkianın təqdim etdiyi kabinet Hökumətin Formalaşması Şurası tərəfindən hazırlanıb. Bu prosesə isə sabiq xarici işlər naziri, 10 gün müddətində isə vitse-prezident olmuş Məhəmməd Cavad Zərif başçılıq edib. Hazırda əsas postlara – Müdafiə Nazirliyinə, İnformasiya və Təhlükəsizlik, həmçinin Daxili İşlər Nazirliyinə və Xarici İşlər Nazirliyinə şəxslər təyin olunub. Nazirlərə etimadsızlığın səbəbi isə ölkədə olan siyasi qruplaşmalardır. Məsələ burasındadır ki, siyahıda islahatçılar üstünlük təşkil edir. Parlament isə mühafizəkarlardan ibarətdir. Bu da ziddiyətin yaranmasına səbəb olur. Hazırda XİN rəhbəri istisna olmaqla, digərlər nazirlər əvvəlki hökumətdə təmsil olunublar”.
S.Soltan islahatçılara qarşı ciddi təzyiqin olduğunu bildirib:
“İslahatçılara qarşı ciddi təzyiq var. Mühafizəkar qüvvənin arxasında isə SEPAH dayanır. Hesab edirəm ki, bu problem qarşıdakı günlərdə həll olunacaq. Çünki qaydalara görə, prezident andiçmədən 2 həftə sonraya qədər Nazirlər Kabinetini formalaşdırmalıdır. Vaxtın bitməsinə isə bir neçə gün qalıb. Ancaq bu məsələ ümumilikdə İran hakimiyyəti üçün ciddi problem olmayacaq”.
İngiltərədə yaşayan iranlı siyasi fəal Babək Bəxtavər isə hazırki vəziyyətin Xameneiyə sərf etdiyini bildirib:
“Sözügedən problemin yaşanmasına səbəb ölkə daxilindəki siyasi cərəyanların gözləntilərinin baş tutmamasıdır. İslahatçılar və mühafizəkarlar ondan çox şey gözləyirdilər. Hər iki tərəfin pəncərəsindən baxsaq, özlərinə görə haqlı səbəbləri var. Hazırda islahatçılar və radikallar qarşı-qarşıya dayanıblar. Prezident isə çalışmalıdır ki, hər iki tərəfi razı salsın. Cənubi azərbaycanlıların da yeni dövlət başçısından gözləntiləri çox idi. Lakin onların parlamentdə nümayəndəsi olmadığına görə sosial media üzərindən etiraz edirlər. Bütün tərəflər istədiklərinə nail olmadıqlarını iddia edirlər. Lakin bu problem o qədər də ciddi nəticələr yaratmayacaq. İranda əsas şəxs prezident yox, İranın dini lideri Ayətullah Əli Xameneidir. Güman ki, hazırki namizədlərin siyahısı onunla razılaşdırılıb. Açığı, hazırki vəziyyət dini liderə də sərf edir. O, hökumətə qarşı çıxan qüvvələrin qarşıdakı vaxtlarda “qələmini qıracaq”. İran-İsrail müharibəsi başlamasa, bütün məsələlər plan üzrə gedəcək”.
Məlik Məlikov,
KONKRET.az