“Xankəndi Azərbaycanın nəzarətinə keçir” – Ermənilər TƏŞVİŞDƏbackend

“Xankəndi Azərbaycanın nəzarətinə keçir” - Ermənilər TƏŞVİŞDƏ

“Xankəndi Azərbaycanın nəzarətinə keçəcək” cümləsi Qarabağ separatçılarını və Ermənistandakı siyasətçiləri qorxudub.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, ermənilər iddia edirlər ki, 10 noyabr bəyanatında Xankəndinin Azərbaycana qaytarılması ilə bağlı bənd yoxdur. Ona görə də də guya Xankəndi rəsmi Bakının tabeçiliyinə verilə bilməz. Belə bir bənd bəyanatda yoxdursa, erməni separatçıları niyə narahat olublar?. Erməni separatçılarının narahatlığı üçün əsaslar kifayət qədərdir: “Birincisi, Azərbaycan qarşısında qoyduğu hədəfin böyük hissəsinə çatıb. Azərbaycan ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Ancaq Azərbaycan yerdə qalan hədəflərə də çatmalıdır. Misal üçün prezident İlham Əliyev də qeyd edib ki, “biz Xocalıya qayıdacağıq”. Bu o deməkdir ki, Azərbaycan istənilən vasitə ilə Xocalını işğaldan azad etməyi qarşısına məqsəd qoyub. Bunu erməni separatçıları da anlayırlar. Azərbaycan hərbçiləri Xocalıya daxil olduqdan sonra Xankədinin mühasirəsi daralacaq. Bunu da erməni separatçıları dərk edirlər. İkincisi, erməni informasiya saytları son zamanlar belə xəbərlər yayırlar ki, Azərbaycan ordusunun bölmələri Qarabağın müxtəlif istiqamətlərində postlarını irəli çəkirlər. Yəni Azərbaycan ordusu Qarabağda tədricən irəriləyir. Bu Azərbaycanın haqqıdır. 10 noyabr bəyanatı o demək deyil ki, biz əldə etdiyimizlə kifayətlənməliyik, harda mümkündürsə postlarımızı irəli çəkməliyik.

Qarabağdakı erməni separatçıları indiki şərtlər altında Azərbaycan ordusunun irəriləməsinə mane ola bilməyəcək. Ona görə də erməni separatçıları yeganə həll yolunu Rusiyanın bu prosesin qarşısını almasında görürlər. Erməni separatçıları istəyirlər ki, Azərbaycan ordusunun yenə əraziləri nəzarət altına almasına Rusiyanın bölgədəki hərbçiləri mane olsunlar. Əlbəttə, rusiyalı hərbçilərinin Qarabağda saylarının artmasıyla bağlı şübhələr var. Halbuki, 10 noyabr bəyanatına görə Qarabağda rusiyalı hərbçilərin sayı 1960 nəfər olmalıdır. Ancaq hətta sayın artıq olduğunu fərz etsək belə, rusiyalı hərbçilər Qarabağdakı təmas nöqtələrinin tamamına nəzarət edə bilmirlər. Erməni separatçılarını qorxudan amillərdən biri də budur”.

Elxan Şahinoğlu: “Yenə də atəşkəs çağırışları səslənə bilər”

Elxan Şahinoğlu əlavə edib ki, erməni separatçıları ondan da qorxular ki, Rusiya hakimiyyəti Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa zərər verməmək üçün Qarabağda rəsmi Bakının hansısa istəklərini yerinə yetirər: “Rusiya və Türkiyə rəsmilərinin tez-tez görüşməsi və fikir mübadiləsi aparması də erməni separatçılarını narahat edir. Bakı ilə Ankara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Şuşaya səfərinə ciddi hazırlaşır. Bu hazırlıqların arxasında Azərbaycan – Türkiyə ittifaqının Qarabağda da möhkəmləndirilməsi dayanır. Bu prosesə Moskva mane ola bilməyəcək. Misal üçün Kremlin əlində Türkiyənin Şuşada konsulluq açmasına və ya Türkiyənin Şuşada hərbi qarnizon yerləşdirməsinə qarşı alətləri yoxdur. İrəvan Ərdoğanın Şuşaya səfərinə, Paşinyanın Laçın dəhlizi üzərindən Xankəndiyə gəlişi ilə cavab verə bilər. Ancaq Paşinyan anlamalıdır ki, seçki öncəsi Xankəndiyə gələrsə, Qarabağ erməniləri keçmiş dövrlərdən fərqli olaraq onu bu dəfə gül-çiçəklə qarşılamayacaqlar. Paşinyanın Xankəndiyə gəlişini Moskva da istəməz. Çünki, bu hal həm Qarabağda, həm də azərbaycanlılarla ermənilərin arasında dayanan rusiyalı hərbçilərin problemlərini artırar. Onsuz da Azərbaycanda ən çox səslənən tələblərdən biri budur ki, Laçın dəhlizi nəzarət altına alınmalıdır”.

Elxan Şahinoğlu əlavə edib ki, Rusiya Gürcüstanda, Moldovada və Ukraynada formalaşdırdığı separatçı bölgələr vasitəsilə “parçala vö hökm sür” siyasətini həyata keçirir: “Rusiyanın Qarabağda hərbçilərinin yerləşdirilməsinin məqsədi də budur. Ancaq Rusiyanın Qarabağda hərbi varlığının Moskva üçün çətinlikləri də var. Moskva erməni separatizminin ayaqda qalmasına çalışaraq Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsini istəmir. Ancaq Bakı ilə Ankaranın Qarabağda birgə atacağı addımları neytrallaşdırmaqda da çətinlik çəkəcək. Moskvada onu da anlayırlar ki, Qarabağda separatizmin yox edilməsinin əngəllənməsi Azərbaycan və Türkiyə ilə indiki tərəfdaşlıq münasibətlərinı poza bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*