Xaricdəki Azərbaycan evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşələri yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən KONKRET.az-a verilən məlumata görə, Avstriya, Finlandiya, İspaniya, Kanada, Macarıstan, Yunanıstan və digər ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrdəki Azərbaycan evlərinə gələrək anım guşəsinə qərənfillər düzür, şam yandırır, qəza nəticəsində həlak olanları hörmətlə anır, yaralananlara şəfa arzulayırlar.
Bütün dünyada yaşayan azərbaycanlılar belə bir faciənin baş verdiyi gündə də Azərbaycan xalqının və dövlətinin yanında olduqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, hazırda dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi fəaliyyət göstərir.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.