Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, diplomatik korpus üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
KONKRET.az xəbər verir ki, tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fəxri konsul tədbiri açaraq, 1990-cı ilin 20 yanvarında baş verən hadisələrin Azərbaycanın müstəqillik tarixindəki mühüm rolunu vurğulayıb, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu bildirib. Çıxışda Qanlı Yanvar hadisələrinin xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə dönüş nöqtəsi olduğu qeyd edilib.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub. Sərgidə faciə anlarını əks etdirən 150-dən çox foto nümayiş olunub, ziyarətçilərə faciənin tarixi və şəhidlərimizin qəhrəmanlığı haqqında məlumat verilib.
Sonra Qanlı Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirilib.
Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğu xalqımızın tarixi yaddaşının qorunub-saxlanması və gənc nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bəyan edib.
KONKRET.az