Xazin: “Rusiya hərbi bazası çıxsa, Ermənistan bir dövlət kimi ləğv olunacaq”backend

Xazin: "Rusiya hərbi bazası çıxsa, Ermənistan bir dövlət kimi ləğv olunacaq"

Cənubi Qafqazda yaranan geosiyasi vəziyyət dünyanın diqqət mərkəzindədir. İndi regionda yeni şərtlər diqtə edilir. Şərtləri diqtə edən tərəf isə Azərbaycandır. Qalib ölkənin irəli sürdüyü haqlı tələblərlə razılaşmaq istəməyən düşmən ölkə çıxılmaz vəziyyətə düşüb. Hələlik Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya işlərinin aparılması, kommunikasiyaların açılması üçün proseslər davam etdirilir. Verilən məlumatlarda işlərin həyata keçirilməsinin son mərhələyə qədəm qoyduğu bildirilir. Amma burada maraqlı olmayan tərəflər də var. Region dövlətlərindən İran  kommunikasiyaların açılmasına qarşıdır və Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab edir. Delimitasiya və demarkasiyanın aparılmasına qarşı olan tərəflər də var. Bütün bunlar isə bölgədə münaqişənin uzadılmasında maraqlı tərəflər üçün lazımdır.

Azərbaycan-Ermənistan münaqişəsinin ən çox müzakirə edildiyi Rusiya mətbuatında məsələyə müxtəlif rakurslardan yanaşanlar az deyil. Daha çox anti-Azərbaycan ritorikasıyla yadda qalan Rusiya mətbuatı 44 günlük müharibədə ölkəmiz əleyhinə xüsusi təbliğat aparmaqla öz mövqeyini bir daha ortaya qoydu. Ümumiyyətlə, Rusiyada hadisələrə düzgün yanaşan politoloqların sayı azdır. Rusiyalı ictimai xadim Mixail Xazinin fikirləri də bu baxımdan maraqlıdır.

Rusiya telekanallarının birində qonaq olan Mixail Xazinə Azərbaycan və Ermənistan münaqişəsi ilə bağlı da suallar verilib. Aparıcının: “Guya Rusiya Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından narahatdır. Əgər tərəflər arasında sülh müqaviləsi imzalansa, Ermənistanın nə KTMT-yə, nə də Rusiyaya ehtiyacı olmayacaq. Bu bölgədə nə baş verir? – sualına Mixail Xazinin cavabı belə olub:

“Münaqişə zamanı ermənilərin sülhməramlılara çox böyük ehtiyacı var idi. Londonun əsas məqsədi isə Rusiyanı bölgədən çıxarmaq idi. Bunun üçün Ermənistanı KTMT-dən çıxarmaq lazım idi. Əslində Erməmistanı KTMT-dən çıxmaq üçün hər şey edilib.

İndi növbədə Zəngəzur dəhlizidir. Amma Zəngəzur dəhlizi məsələsində İranın mövqeyi tam fərqlidir. İran sərt şəkildə bildirib ki, dəhlizin açılmasına imkan verməyəcək. Bu səbəbdən nə olacağını görəcəyik. Ermənistan ərazisindəki Rusiya hərbi bazasına gəlincə, baza oradan getsə, Ermənistan da ləğv olunacaq. Ona görə də bölgədə mürəkkəb vəziyyət yaranıb”.

Daha sonra Paşinyanın Ermənistan əhalisinin iradəsinə zidd addımlar atdığını deyən Mixail Xazin Paşinyanı ingilislərin adamı adlandırıb:

“Paşinyan Londonun layihəsidir və onun yeganə arzusu mümkün qədər tez, sevimli şəhəri Londona qaçmaqdır. Paşinyan elə bir adamdır ki, baş verənlərə heç əhəmiyyət vermir”, – deyə Xazin bildirib.

Gördüyünüz kimi, Xazinin fərqli yanaşması, fərqli şərh üslubu var. Düzdür Rusiyada Ermənistan hakimiyyətinə qarşı münasibət elə bu cürdür. Deməli, Paşinyanı Qərbin adamı hesab edən rusiyalı politoloqlar ehtimal etdikləri hər məsələni Nikolla bağlamaq istəyirlər. Paşinyan isə Rusiyanı ölkəsindən tam qovmaq üçün siyasətini davam etdirir. Təbii ki, bu işdə onun ən böyük dəstəkçisi kollektiv Qərbdir. Amma Rusiya da regiondan elə-belə çıxmaq fikrindən uzaqdır. Cənubi Qazfqazda Rusiyanın əliylə təxribatlar hər an törədilə bilər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*