Xəbəri olmadan adına 5500 AZN kredit götürdülər, ABB “ödəməlisən” deyir – DETALLARbackend

Xəbəri olmadan adına 5500 AZN kredit götürdülər, ABB “ödəməlisən” deyir - DETALLAR

Kiberdələduzluq qurbanına çevrilmiş Eldar Səfərov Azərbaycan Beynəlxalq Bankının ondan xəbərsiz adına 5500 manat məbləğində kreditin verilməsindən şikayətçidir. O başına gələnləri belə nəql edib:

“Tamkartım boş olub. Fırıldaqçılar məni aldadıb. Onlar biz sizə “SMS kodu göndərmişik onu deyin, sizə pul göndərə bilək” deyərək məndən kodu aldılar. Mən də kartım boş olduğu üçün verdim. Bundan sonra onlar onlayn formada mənim adıma ABB-dən 5500 manat həcmində, mənim imzam, FİN kodum və s. olmadan kredit götürüblər. Aylıq 350 manat məvacibim var. Onun da 77 manatını öz kreditimə görə verirəm. İndi 275 manat maaş alıram. Mən adıma götürülən kreditə görə hər ay 365 manatı hardan tapım? Bu barədə polisə də şikayət etmişəm. Axtarışa başlayıblar”.

Maraqlıdır, aldadılmış belə vətəndaşlar xəbəri olmadan adına götürülmüş krediti ödəməlidirmi?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaş aldanaraq öz məlumatlarını hansısa şəxsə təqdim etsə belə, adına götürülümüş krediti ödəməlidir:

Hüquqşünas Əkrəm Həsənov bank və vətəndaş münasibətlərindən danışıb

“Amma heç bir kredit müqaviləsi imzalamadan, bankla təmas olmadan, sadəcə hansısa kod vasitəsilə kredit verilməməlidir. Lakin bəzən bu məsələləri araşdırarkən görürük ki, vətəndaş özü başqa əməliyyatlar icra edib, hər hansı təsdiqləmələr verib. Bu bir halda mümkün ola bilər ki, əvvəlcədən bankla bağlanmış müqavilədə bir kod vasitəsilə kredit almaq imkanı yaradılsın. Biz detalları bilmirik axı. Amma hər bir halda bu çox təhlükəli məqamdır. Bu kimi faktlar bankaların təhlükəsizlik sisteminin zəif olduğunu, həmçinin kredit qaydalarının bərbad durumunu göstərir. Bu məsələlərdə vətəndaşlar da məsuliyyətsizlik edirlər. Onlar zəng edən hər adama fərdi məlumatlarını niyə verirlər? Vətəndaşın bankla bağladığı ilkin kredit müqaviləsi və ya digər hər hansı müqaviləyə görə, asan imza və ya kodla ona kredit verilə bilərsə, bank haradan bilsin ki, bunu vətəndaş edir, yoxsa başqası? Ona görə də vətəndaş krediti ödəməlidir”.

Ekspert əlavə edib ki, vətəndaş ABB-ni məhkəməyə də verə bilər:

“Hər bir halda vətəndaş ABB-ni məhkəməyə verə bilər, bundan əvvəl Mərkəzi Banka, ABB-nin özünə məktub yaza bilər. Lakin işin detallarını bilmək lazımdır. Vətəndaş aldansa belə, bu məlumatları özü könüllü şəkildə verib. Vətəndaş öz növbəsində onu aldadanları şikayət edə bilər. Lakin bu əbəsdir. Çünki o şəxsləri tapmaq olmur. Onlar ümumiyyətlə Azərbaycanda deyil. Onlar kiberciyanətkarlardır. Bizim hüquq-mühafizə orqanları da onların axtarışına çıxmayacaq. Dünyada belə hallar çoxdur.

Əkrəm Həsənov qeyd edib ki, banklar asan yolla kredit verməyi dayandırmalıdırlar:

“Axı banklar da görür ki, bu kimi təhlükələr var. Odur ki, asan kredit verməyi saxlamalıdırlar. Qayda olmalıdır ki, kredit götürmək istəyən hökmən banka gəlməli və müvafiq sənədləri imzalamalıdır. Çünki bir çox vətəndaşlarımız yeni texnologiyalara alışmayıblar”.

Sorğumuza cavab olaraq ABB-nin mətbuat xidmətindən bunları bildiriblər:

Beynəlxalq Bankın özəlləşdirilməsi yenə gündəmdədir

“Vətəndaş bütün fərdi məlumatlarını kiberdələduza özü təqdim edib. Dələduzlar məlumatları ələ keçirəndən sonra onun adından istənilən əməliyyatı edə bilər. Vətəndaş bilməlidir ki, onun fərdi məlumatı banka lazım deyil. Kimsə bank və ya başqa adla fərdi məlumat istəyirsə, vətəndaş anlamalıdır ki, burada dələduzluq halı var və fərdi məlumatlarını verməməlidir. Vətəndaş məlumatları təqdim edib, kiberdələduz da onun tətbiqinə daxil olaraq kredit götürüb. Biz neçə aydır, dövlət qurumları ilə birgə maarifləndirmə işləri aparırıq ki, fərdi məlumatlarınızı heç kimə verməyin”.

Bankdan həmçinin deyilib ki, vətəndaş onun adına verilmiş krediti ödəməlidir.

DİN-in mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov isə sorğumuza cavab olaraq bildirib ki, vətəndaşın şikayəti üzrə ərazi polis orqanında araşdırmalar və zəruri əməliyyat tərdbirləri davam etdirilir:

“Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, kart məlumatlarının məxfiliyinə önəm versinlər və kartın şifrələrini heç bir kəslə paylaşmasınlar”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, bu tip hallar son bir neçə ildə daha da artıb:

Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma  olmalıdır” | 1news.az | Xəbərlər

“Bu tip hallar ölkəmizdə bir neçə ildir, baş verir. Kiberdələduzlar müxtəlif senarilər ilə vətəndaşların kart məlumatlarını əldə edirlər. Daha çox fişing hücumu edərək, bank adından, dövlət qurumu adından danışaraq vətəndaşı aldadıb kart məlumatlarını əldə edirlər. Onlar internet bankçılığı vasitəsilə bank hesabından kredit götürürlər. Pulları başqa hesablara köçürərək iz itirirlər. Vətəndaşlar da krediti ödəmək məcburiyyətində qalır. Təəssüflər olsun ki, bu istiqamətdə aparılan maarifləndirmə işi qənaətbəxş deyil”.

Aygün Mirakif

KONKRET.az

  • Rəhimə
    İyul 23, 2024 - 19:24

    Allah bu bankların bəlasını versin.Mənimdə başıma belə bir hadisə gəlib bankda mənnən o pulun ödəyəcəyini bildirdi.Bu banklar çox özbaşınalıq edirlər.

  • Rəşad
    İyul 23, 2024 - 19:41

    Hörmətli ekspert, hüquqşünas Əkrəm Həsənov! Yazırsınız ki, bank haradan bilsin ki, bunu vətəndaş edir, yoxsa başqası? Mən də sualı əksinə qoya bilərəm: vətəndaş hardan bilsin ki, bunu edən bankdır, yoxsa başqası. Məncə məsələyə birtərəfli yanaşmaq lazım deyil. Bu məsələdə məncə bankın təhlükəsizlik sisteminin və ya qoyulmuş qaydaların mükəmməl olmamasının “günah” payı daha böyükdür. Belə olduğu halda “müştərək günahın bədənini” birtərəfli qaydada niyə vətəndaş ödəməlidir?

  • Mən
    İyul 24, 2024 - 14:58

    Bankda belə bir qayda var ki, kredit verməzdən əvvəl onlayn şəkildə görüntülü əlaqə yaradılmalıdır tətbiü vsditəsilə. Amma onların alacağı olsun deyib buna fikir vermirlər.

  • Vaqif
    İyul 24, 2024 - 16:13

    Bəlkə də kiberdələduzlar bank işçiləri ilə əlaqədardırlar. Bunları yoxlamaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*