Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi, 7-ci ünvan sakinləri yaşadıqları ərazidə yolların acınacaqlı vəziyyətindən şikayətçidir.
KONKRET.az-a bununla bağlı sakinlər adından müraciət edən Fuad Abdullayev bildirir ki, sözügedən ərazi şəhərin ən işlək yollarından olan M.Hadi, 7 ünvanında yerləşən binanın həyətidir. Eyni zamanda, “Xətai” metrostansiyasının üst hissəsində yerləşir. Şikayətçi deyir ki, beş ilə yaxındır həmin ərazidə yaşayır və ora köçdüyü gündən yolları bərbad görüb.
Vətəndaşın sözlərinə görə, bir müddət öncə məhəllədaxili istilik sistemlərinin yenilənməsi ilə əlaqədar binanın həyəti daha yararsız hala salınıb. Belə ki, ərazidə aparılan qazma işlərindən sonra yolun qalan hissəsi də sıradan çıxıb. “Binanın önü bataqlığa çevrilib. İstilik sistemlərinin boruları açıq vəziyyətdə qalıb. Hazırda vətəndaşların yoldan istifadəsi xeyli çətinləşib. Yağış yağanda isə həm insanların, həm də avtomobillərin hərəkəti müşkülə çevrilir. Yolun çala-çuxur olması maşınlara ciddi ziyan vurur, ehtiyat hissələrini sıradan çıxarır. Kanalizasiya lyukları da dağıldığından həyəti su basır”, – deyən şikayətçi əlavə edir ki, sakinlər bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində heç bir əməli addım atılmır.
“Problemlə əlaqədar yerli icra hakimiyyəti orqanına, həmçinin, MİS-ə bir neçə dəfə şikayət ünvanlamışıq. MİS-dən bildirilib ki, məsələ aktlaşdırılaraq aidiyyəti qurumlara göndərilib. Amma hələ də müsbət irəliləyiş yoxdur”, – deyə F.Abdullayev qeyd edib.
Mövcud vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya isə qurumdan müsbət cavab verilib. RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, rayonda M.Hadi, 7 ünvanı da daxil olmaqla bir neçə əraziyə xeyli müddət öncə baxış keçirilib və yeni ilin ilk aylarından etibarən həmin məhəllədaxili yolların asfaltlanması nəzərdə tutulur.
Sevinc Paşayeva,
KONKRET.az