Xəzər bizi köməyə ÇAĞIRIR – FOTObackend

Xəzər bizi köməyə ÇAĞIRIR - FOTO

“Xəzəri sevən biri kimi, mən istəyirəm ki, o yaşasın, o, təmiz olsun və onun təbiəti qorunsun. Mən Xəzəri sevirəm”.

                                                                               H.Əliyev

12 avqust Xəzər günüdür.

Xəzər dənizinin və onun təbii sərvətlərinin qorunması ölkə prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir. Ölkə başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncam və fərmanlar bunun bariz nümunəsidir. Ekoloji durumun saflaşdırılmasına göstərdiyi qayğı və diqqət bütün ekoloqların, bütövlükdə Azərbaycan xalqının həyatında əlamətdar hadisə kimi qeyd olunmalıdır.

Yer kürəsində dənizlər çoxdur, hərəsinin öz iqlim şəraiti, təbii mənzərəsi, ekoloji durumu və qoynunda bəslədiyi canlı aləmi ilə bir-birindən fərqlənir. Xəzərimizə isə çatan yoxdur. Sahilindəki zəngin komponentlərə malik qara qum aləmi, dünya quşlarını cəlb edən mənzərəsi, bir-birindən qiymətli balıq növləri hansı dənizdə var? Hələ onun heç bir okeanda və dənizdə mövcud olmayan qiymətli sərvətlərini demirəm.

Su həyatdır. Çünki bioloji varlıq üçün birinci su tələb olunur. Həyat verən və həyatı məhv etməyi bacaran su! Mən sözümə həyəcanlı notlarla başlayıram. Biz indiyə qədər hər şeyə nikbin yanaşmışıq. Təbiətin səxavətinin sonu olmadığını düşünmüşük. Təəssüf ki, bu arxayınçılıq qlobal problemə çevriləndə narahat olmağa başlayırıq. Yəni vaxtında elm adamlarının, ekoloqların tövsiyələrinə ciddi yanaşmadığımızdan indi təbiət bizi sınağa çəkir.

Bu gün dəniz günüdür. Qüdrətli Xəzərimizi yad etməzdən əvvəl onun qardaşı Aralın taleyinə baxaq. İnsanların gözü qabağında “mum kimi əriyib çöpə dönən” Aral bütün dünya təbiətsevərlərinə, ekoloqlarına göz dağıdır. Aralı yad etməklə üzümüzü Xəzərə çevirib hələlik təskinlik tapmalıyıq. Nə yaxşı ki, Xəzər var, nə yaxşı ki, Xəzər yaşayır, suyu ilə, balığıyla, yeraltı sərvətiylə, havasıyla!

Dəniz günündə Xəzərimizi bir daha yada salır, onun bizim üçün oynadığı rolu dəyərləndiririk.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı ənənəvi olaraq hər il bir-birindən daha maraqlı tədbirlər keçirir. Ümumdünya əhəmiyyətli belə tədbirlərin keçirilməsində əsas məqsəd dənizlərin və onların bioresurslarını qorumaq, yaşayışına və inkişafına əngəl törədən maneələri aradan qaldırmaq, dəniz sahillərini təmiz saxlamaq, məişət tullantıları ilə çirkləndirməmək, çirkab suların dənizə axıdılmasının qarşısını almaq və digər antropogen təsirlərdən qorumaqdır. Nazirliyin tərtib etdiyi iş planına əsasən, hər il 12 avqust Xəzər günü kimi qeyd edilir. Eyni zamanda sentyabrın son həftəsi ali və ümumtəhsil müəssisələrində, bələdiyyələrdə, bir sıra dövlət və özəl qurumlarda dəniz bioresurslarının zənginliyinin qorunub-saxlanılmasının əhəmiyyətindən bəhs edən mühazirələr, seminarlar və təbliğat işləri həyata keçirilir.

 

ETSN və onun yerli qurumları dəniz günü ilə bağlı Xəzər dənizi sahilində ekoloji aksiyalar keçirir. Ötən aylar və illərlə müqayisədə dəniz günü ilə bağlı keçirilən tədbirə cəlb olunan dövlət və özəl qurumların, könüllülərin sayı da artmaqdadır. Artıq belə vacib ekoloji tədbirlər proqram xarakteri daşımayacaq. Vətənini və təbiətini sevən hər bir insanın gündəlik iş fəaliyyətinə çevriləcək.

Ən böyük su hövzəsi olan Xəzər dənizi haqqında oxucularımızı məlumatlandırmaq biz ekoloqların borcudur. Xəzər elə bir coğrafi varlıqdır ki, ona laqeyd qalmaq olmaz. Obrazlı desək, Xəzər 5 ölkənin yeganə övladıdır. Azərbaycan Respublikası, Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Türkmənistan Respublikası, İran İslam Respublikası onun sahillərində qərar tutub. Xəzər dənizi bu beş ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Dənizin sahəsi 271 min kvadratkilometrdir. Uzunluğu şimaldan cənuba 1204 kilometr, orta eni 320 kilometr, orta dərinliyi isə 184 metrə çatır. Sahil xətlərinin uzunluğu 7 min kilometrdir. Ən dərin yeri Lənkəran rayonu yaxınlığındadır – 1025 metr. Xəzərə 130-dan çox çay axır. Bunlardan ən böyüyü Volqadır. Mənbələrə görə, tarixin müəyyən dönəmində Xəzər dənizi Qara dənizlə bitişik olmuşdur. Zaman keçdikcə Xəzər ayrıca dənizə çevrilmişdir. Xəzərin Qara dənizlə əlaqəsi kəsildikdən sonra onun suyu dəfələrlə qalxıb-enmiş, bununla əlaqədar sahəsi də dəyişmişdir. Xəzərin səviyyəsinin qalxması, bunu yaradan amillər mütəxəssislər tərəfindən öyrənilir. Qeyd etdiyimiz kimi, Xəzər mühüm balıqçılıq hövzəsidir, onun dibi neft, qaz və başqa xammal ehtiyatları ilə zəngindir. Mühüm su nəqliyyatı yoludur. Ona görə də belə bir hövzənin hərtərəfli qorunması, tədqiqi sahilyanı dövlətlərin, beynəlxalq təşkilatların dərin marağındadır.

Xəzər canlı aləmlə zəngin hövzədir. Onun canlı aləmi mütəxəssisləri yaxşı mənada heyrətləndirməkdədir. Balıqlar, quşlar, su bitkiləri, onurğasız heyvanlar Xəzərin sərvətidir. Dənizdə 1400-ə qədər fauna, 110 balıq növü var. Burada nərə, uzunburun, ağ balıq, Xəzər qızılbalığı, ağ qızılbalıq, çəki, xəşəm, kütüm və s. kimi qiymətli balıq növləri yaşayır. Dünyada ağ balığın 70 faizi, qara kürünün demək olar ki, hamısı Xəzəryanı dövlətlərin hesabına istehsal olunur.  Ona görə də Xəzəryanı dövlətlər ağ balığın çoxaldılması qayğısına qalmalıdır.

Ölkəmizdə balıqyetişdirmə zavodları bu sahənin inkişafı ilə məşğuldur. Balıqyetişdirmə texnologiyasının indiki səviyyəsindən, təəssüf ki, maksimum istifadə edilmir. Əgər Xəzəryanı dövlətlər ciddi şəkildə əlbir olaraq bu sahənin inkişafına diqqət yetirməsələr, tezliklə bu qiymətli nemətdən, əvəzolunmaz sərvətdən məhrum ola bilərik. Dənizin yeraltı sərvətlərinin ölçüsüz istismarı mənfi təsirini göstərməkdədir.

Xəzərin balıq xəzinəsinin artırılmasında Kür çayının təmiz saxlanılmasının böyük ekoloji əhəmiyyəti var. Alimlərin məlumatlarına əsasən, 1951-ci ildə Kür çayında 1299 sentner, Xəzər dənizində 233 sentner qızıl balıq tutulduğu halda, 1958-ci ildə bu rəqəmlər müvafiq olaraq 79 və 21 sentnere enmişdir. Bunun da əsas səbəbini ilk növbədə Xəzərin və oraya tökülən çayların ciddi zibillənməsində axtarmaq lazımdır. Məhz çirklənmə səbəbindən Azərbaycan sularında balıq ovu 1931-ci ilə nisbətən 4 dəfə, o cümlədən qızıl balıq 20 dəfə, nərə balığı 3 dəfə, qiymətli balıqlar 7 dəfə, şamayı balığı 11 dəfə azalmışdır.

Alimlərin dediklərinə görə, son 15-20 ildə Xəzər dənizinin ekoloji vəziyyəti iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxıb-enməsi, çirklənmə və digər antropogen və təbii amillərin birgə təsiri nəticəsində xeyli dəyişmişdir. Xəzəryanı ölkələrin mütəxəssislərinin qeyd etdiyi kimi təkcə nərə balıqlarının deyil, digər qiymətli balıqların da ehtiyatı azalıb.

Azərbaycanda adambaşına balıq və balıq məhsullarının istehlakı ildə 7.3 kq təşkil edir və dünya üzrə orta göstəricidən xeyli azdır.

Dənizdəki su quşları da təbiətin bizə bəxş etdiyi möcüzədir. Qızılağac qoruğunun nadir iqlimi buranı su quşlarının daimi məskəninə çevirmişdir. Onlar Xəzərin balıqları və sahil bitkiləri ilə qidalanır. Şəxsən mən bir ekoloq kimi quşların yuvaları, yuvada təzə pərvəriş tapan balaları ilə mütəmadi üz-üzə gəlirəm. Təbiətin bu möcüzəsinə sevinirəm.

Xəzərdə müxtəlif su bitkiləri var. Bu bitkilər dəniz heyvanlarının, su quşlarının inkişafında mühüm rol oynayır.

Xəzər həm də “Qırmızı kitab”a düşən köçəri quşların məskənidir. Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən Qızılağac Milli Parkı belə nadir quşların məskənidir. Tanrının bizə bəxş etdiyi bu əvəzolunmaz neməti qoruyub mühafizə etmək hamımızın müqəddəs borcudur.

İnamla qeyd etməliyəm ki, Xəzərin ləpədöyənində yerləşən, həm də yamyaşıl örtüyə bürünən bizim ərazilərdə də abadlıq və təmizlik işləri məhz bu günlərdə bütün müəssisə, təşkilatlar, elmi ocaqlar tərəfindən çox maraqla həyata keçirilir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları dənizkənarı ərazilərdə ekoloji aksiyalarını genişləndirirlər. Onlar aksiya zamanı Xəzər gününün mahiyyətindən, onun dünyəvi xarakterindən və başqa ekoloji faktorlardan insanlara bir-birindən maraqlı məlumatlar verirlər. Bir daha başa düşürük ki, cəmiyyətdə ekoloji vəziyyətin qorunub mühafizə edilməsi hər şeydən əvvəl insana və onun sağlamlığına xidmət edir. Qeyd etməliyəm ki, ərazimizin dənizətrafı sahələrinin təmiz saxlanılması üçün çox ciddi işlər görülməlidir. Tanrı tərəfindən bizə göndərilən bu nadir nemətləri qorumaqla onu gələcək nəsillərə ötürməliyik.

Xəzər dənizi mühüm su yolları qovşağıdır. Ölkələr bir-biri ilə dəniz vasitəsilə ticarət-nəqliyyat əməkdaşlığı edirlər. Yük dövriyyəsi ildən-ilə artır.

Bəs dəniz sahilinin əsrarəngiz qumları, sanatoriya-kurort imkanları?! Ola bilər ki, dənizimizin bu imkanları mineral resurslardan bizə qat-qat artıq xeyir verər. Ekologiya təmizlənər, insanlar dincələr, sağlamlıq qazanar, maddi xeyri də öz yerində.

Biz ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək üçün dəniz günü ərəfəsində də geniş təbliğat işi aparırıq. Ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində, Lənkəran Dövlət Humanitar və Astara Pedaqoji kolleclərində, bələdiyyələrdə, müxtəlif idarə və müəssisələrdə “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar “Xəzər dənizinin sahillərində” iməciliklərin keçirilməsinin ekoloji əhəmiyyəti, “Xəzər sərvətimizdir”, “Xəzəri çirkləndirmədən qoruyaq”, “Xəzərin canlı aləminə təsir edən ekoloji amillər”, “Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və perspektivlər”, “Xəzərin qiymətli sərvətləri və ekoloji problemləri haqqında ümumi məlumat” və s. mövzularda mülahizələr oxunmuşdur.

 

Ətraf mühitə qeyri-humanist münasibət, amansız zərbə insanın özünə, onun sağlamlığına qarşı çevrilir və bu münasibət təbiətin bizdən nə vaxtsa qisas almasına gətirib çıxarır.

Artıq insanlar başa düşürlər ki, dəniz bizim üçün təbii sərvət və həyati tələbatdır. Bu gün Xəzəri çirkləndiririksə, orada yaşayan bioresursların inkişafına böyük zərbə endirmiş oluruq. Xəzərin nemətlərindən istifadə ediriksə, onun ətrafına zibil töküb çirkləndirməyə heç kimin mənəvi haqqı yoxdur. Mavi Xəzəri təmiz saxlamaq, onun sərvətlərini göz bəbəyi kimi qorumaq ümumxalq işinə çevrilməlidir. Gəlin unikal sərvətlərlə zəngin olan Xəzərə laqeyd münasibət bəsləməyək!

Xəzər dənizi bu gün insanların qayğısına, isti münasibətinə ehtiyac duyur. Əslində bu qayğıları elə insanların özünə görə, onlara qaytarmaq üçün istəyir.

Bildiyiniz kimi hər il Azərbaycana, o cümlədən Xəzərin sahil ərazisinə on minlərlə turist gəlir. Onların diqqətini ilk baxışdan Xəzər dənizi cəlb edir. Xəzər dənizinin sahillərində istirahət zonaları yaradılıb. Dənizin sahili nə qədər təmiz olsa, orada istirahət edən insanların vaxtı da səmərəli keçər.

Bəxtiyar Hüseynov,

1 Saylı Regional  ETSİ-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*