XİN-in institutu, azadlıq yelləri, Budapeşt üsyanı, erməni generalın harın oğlu – DTK polkovnikinin memuarıbackend

XİN-in institutu, azadlıq yelləri, Budapeşt üsyanı, erməni generalın harın oğlu – DTK polkovnikinin memuarı

1956-ci ildə orta məktəbi bitirdim və sənədlərimi Beynəlxalq Əlaqələr İnstitutuna (BƏİ) verdim. Bu ali məktəb inqilabın ilk illərində Qırmızı Professorlar İnstitutu kimi fəaliyyət göstərmiş, marksist ideoloqları üçün elitar akademiya olmuşdu. Əvvəlcə Trotski və onun tərəfdarları, sonra Buxarin və başqaları burada təhsil almışdılar, dərs demişdilər, bu divarlar arasında diskussiya aparmışdılar.

İyirminci və otuzuncu illərdə bu akademiyada oxuyan tələbələr Stalinə və onun komandasına iltifat göstərirmişlər, ancaq o, anlayıb ki, bunlar onun ətrafındakılardan daha maraqlı, daha istedadlıdırlar. Bu insanlar onun üçün təhlükəydilər. Ona görə də Stalin akademiyanı ləğv etmişdi. Akademiyanın professor-müəllim heyətinin yarıdan çoxunu türməyə atmış, sürgünə yollamış, ya da güllələmişdilər.

QPİ bağlanandan sonra bina bir neçə il boş qalmışdı. Müharibənin sonunda hökumət Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlanmasından ötrü institutun yaradılması qərarına gəlmişdi. Çünki müharibədən əvvəl bu nazirlik “təmizləmələr” nəticəsində xeyli kadrını itirmişdi və yenilənməyə ehtiyacı vardı. Stalin və silahdaşları başa düşürdülər ki, SSRİ superdövlət olandan sonra diplomatik idarələrin genişləndirilməsi vacibdir. BƏİ Ali Təhsil Nazirliyinin nəzdində yox, XİN-in nəzdindəydi.

Mən gümüş medal almış məzun kimi alman dilindən imtahan verməliydim və müsahibədən keçməliydim. İmtahan mənə çətinlik yaratmadı, yüksək qiymət aldım, ancaq müsahibə zamanı bir neçə elementar səhv buraxdım: bəzi tarixləri yanlış dedim, xüsusilə də Böyük Pyotrun hökmdarlığı ilə bağlı. Müsahibəni ispan dili və Cənubi Amerika tarixi üzrə tanınmış mütəxəssis Qonionski aparırdı və institutun qərb bölməsinə o rəhbərlik edirdi. O, mənim səhvlərimi göstərdi, ancaq xoşbəxtlikdən, onları ciddiyə almadı, sadəcə gülümsədi və dedi: “Belə görünür ki, xronologiyada güclü deyilsiniz”.

İnstitut ilk gündən xoşuma gəldi: hər şey ürəyimcə idi. Onun divarları arasına düşdüyüm gündən tələbələrin partiyanın XX qurultayında Xruşovun etdiyi məruzəyə dair necə açıq şəkildə müzakirə apardıqlarını eşitdim. Onun martda etdiyi çıxış altı aydan sonra da böyük maraq doğururdu. Bu ifşaya qədər ölkə “böyük terror”un miqyası barədə o qədər çox az bilirdi ki, Xruşovun çıxışı yaradıcı ziyalılara, eləcə də tələbələrə sarsıdıcı təsir göstərmişdi. İnsanlar yeni ümidlərə köklənmişdilər. Bütün bahar və yay boyunca Moskvada rahatlıq və ruh yüksəkliyi hökm sürdü, adamlar açıq şəkildə danışır, mübahisə edirdilər, onlar əvvəllər heç vaxt öz fikirlərini bu cür ifadə etməmişdilər.

İnstitutda bu cür əqli və mədəni rahatlıq ruhu adamın başını gicəlləndirirdi, yoluxucu idi. Tələbələr tənqid edə, vərəqələr buraxa, toplantılar keçirə, plakatlar asa, nitqlər söyləyə bilirdilər. Xüsusilə də yuxarı (dördüncü, beşinci, altıncı) kurs tələbələri tez-tez toplantılar təşkil edirdilər; onlar, əlbəttə ki, bizdən təcrübəli, savadlı və danışqan idilər. Biz, aşağı kurs tələbələri bütün bunlara, xüsusilə də disputlara vəcdlə baxırdıq. Səhnədə oturmuş hansısa erudit zaldakı tələbələrin bəzən çox kəskin, hətta tikanlı suallarına cavab verirdi. Qonionskinin suallara cavab verdiyi bir disput xüsusilə yadımda qalıb. Ağıllı yəhudi və yəqin ki, qəlbən liberal olan bu şəxs zarafat edir, hazırcavablıq göstərirdi, amma o da ehtiyatlıydı və sözlərini diqqətlə ölçüb-biçirdi.

Bizim on iki nəfərdən ibarət tədris qrupu, hərəsində altı tələbə olmaqla, öyrəndiyimiz dildən aslı olaraq iki hissəyə böünmüşdü. Bizim yarımqrupun nüvəsi Həştərxandan olan Stanislav (sadəcə Slava) Makarov, Kuybışevdən gəlmiş Valentin Lomakin, mən və Ada Kruqlyak adlı qız idi. Alman dilini səylə öyrəndiyimiz linqvistik kabinetdə maqnitofon vardı. Ağlıma azadlıq, demokratiya və sair mühüm predmetlər haqqında düşüncələrimi maqnitofon lentinə yazmaq gəldi. Öz niyyətimi həyata keçirən kimi audioyazını dinləmək üçün qrupu topladım. Heç də tərif gözləmirdim, amma müzakirə başlanacağına ümid edirdim. Eksperiment öldürücü alınmışdı: cəmi beş dəqiqə çəkən audioyazını kurs yoldaşlarım dinlədikcə sifətləri tutqunlaşdı, onlar sanki qorxudan iflic olmuşdular. Yazı qurtaran kimi Slava Makarov dedi: “Oleq, hamısını dərhal poz!” Mən özümü deşilmiş hava şarı kimi hiss etdim, dostların qorxusu mənə də sirayət etdi və mən öz alovlu nitqimi, onların tapşırdığı kimi, bədbəxtlik gətirməmiş sildim.

Bu, ayıldıcı məqam idi. Mən DTK polkovnikinin oğlu olsam da, komitənin instituta nə dərəcədə daldığıını anlamırdım. DTK bizi izləyirdi: bir tərəfdən öz sıralarına qəbul etmək üçün namizədlər müəyyən etməyə görə, digər tərəfdən, mövcud quruluşa loyal münasibətə və ya mürtəce, qərbpərəst baxışlara dair cüzi əlamətlər aşkarlamaq məqsədi ilə. Mənim kurs yoldaşlarım ağıllıydılar, mənimlə müqayisədə sistemdən daha yaxşı baş çıxarırdılar. Yalnız altı ildən sonra, DTK-ya işə qəbul olunanda başa düşdüm ki, o vaxt bəxtim necə gətirib. Mənimlə müsahibə aparan zabit öz qovluğuna baxdı və soruşdu: “Abstrakt incəsənətə necə yanaşırsınız?” Mən necəsə neytral bir cavab verdim, ancaq içimdə soyuq yellər əsdi: institutdan kimsə məlumat vermiş ola bilərdi ki, avanqard rəssamlığı bəyəndiyimi bildirmişəm. Qorxu içində növbəti sualları gözlədim, amma şükür ki, maqnitofonla bağlı hadisə barədə heç kəs çuğulluq etməmişdi.

 

 

Hər halda bizim yeni əldə edilmiş azadlığımız bir neçə günün içində qəfildən sona çatdı. Oktyabrın sonuncu həftəsində Macarıstan sovet zülmünə qarşı üsyana qalxdı, ancaq üsyan Budapeştin mərkəzinə yeridilmiş sovet tanklarının köməyi ilə amansızcasına yatırıldı. Gerçəkdə nə baş verdiyini anlamaq çətin idi. Rəsmi sovet mətbuatı Macarıstanda faşist qiyamnın başlandığını və proletar həmrəyliyinə sadiq olan sovet qoşunlarının cəfakeş macar xalqının köməyinə yetişdiyini bildirirdi. Mötəbər informasiyanın zərrəciklərini mən öz primitiv, qısa dalğalı radioqəbuledicimizin vasitəsilə toplamağa çalışırdım. Xarici radiostansiyalar bildirirdi ki, hadisələrin gedişi tamamilə başqa cürdür, ancaq fərqli məlumatlardan aydın mənzərə hasil etmək mümkün deyildi.

Bununla belə, Moskvada tezliklə anladılar ki, fəlakət baş verib: müvəqqəti olaraq ləğv edilmiş senzura bərpa olundu. Atmosfer tamamilə dəyişdi, mülayimləşmə ötüb keçdi və buz kəsən külək əsdi. Başqa sözlə, həyat öz əski məcrasına qayıtdı: soyuq düşdü və bütün “homo sovetikus”  özünü partiyanın diktatına itaət edərək, əvvəlki kimi aparmağa başladı.

Bu cür dramatik eniş-yoxuşlardan sonra institutdakı karyeram etibarlı və əlverişli yola istiqamətləndi. 120 rus tələbə ilə yanaşı, bizdə 60 əcnəbi tələbə də təhsil alırdı və uyğun olaraq, institut iki əsas hissəyə – qərb və şərq fakültələrinə ayrılmışdı. Həmin illərdə SSRİ vətəndaşı olan abituriyentlərin əksəriyyəti instituta daxil olmaq üçün qəbul imtahanlarını uğurla verməliydilər. Daha sonra yuxarılarda korrupsiya parlaq şəkildə çiçəkləndi. DTK, XİN, Mərkəzi Komitə, Müdafiə Nazirliyi və digər təşkilatlar instituta siyahılar təqdim edirdilər. Bu siyahılarda imtahandak nəticələrindən asılı olmayaraq tələbələrin adı göstərilirdi. Mən oxuduğum vaxt tələbələrin ümumi sayının təxminən 10-15 faizi instituta yüksək əlaqələr sayəsində daxil olurdu. Belələrindən biri də DTK-nın yüksək vəzifəli xadimi general Ağayansın oğlu idi. (Redaktor haşiyəsi: 1911-ci ildə Azərbaycanda, Gəncədə doğulmuş İvan Ağayans DTK-nın general-mayoru olub, 1968-ci ildə ölüb). Onun atası İvan Sergeyeviç ağıllı və istedadlı adam idi, DTK-da dezinformasiya şöbəsi yaratmışdı və ona rəhbərlik edirdi, ancaq onun oğlunda nə ağıl, nə bilik, nə də oxumaq həvəsi vardı. 1962-ci ildə onun beynəlxalq hüquq üzrə dövlət imtahanında suallara verdiyi cavabı eşidəndə qulaqlarına inana bilmədim. O, altı illik təhsil dövründə heç nə öyrənməmişdi. Görünür, o, hesab edirmiş ki, nüfuzlu atanın oğludursa, heç bir iş görmədən institutda ola bilər. Ona “üç”, yəni “kafi”  yazdılar, ancaq bu təmiz saxtakarlıq idi, çünki oğul Ağayans predmet haqqında heç bir anlayışa malik deyildi.

Sistem qızlara münasibətdə sərt idi. İnstituta on oğlan, bir qız qəbul edirdilər – nisbət beləydi. Hakimiyyət başa düşürdü ki, diplomatik sahədə qadınlar üçün tətbiq yeri tapmaq, demək olar ki, mümkün deyil. Qızları instituta demokratiya naminə qəbul edirdilər və bu da sırf görüntü üçün idi. Belə xoşbəxtlərdən biri Ada Kruqlyakdı. O, instituta necə düşmüşdü, bilmirdik. Ada çox şirin qız idi, ancaq 21 yaşı olanda 34 yaşlı tarix müəlliminə ərə getdi. Onun əri bizim gözümüzə çox qoca görünürdü və biz bu nikahın möhkəm olacağına şübhə edirdik, ancaq buna baxmayaraq, onların ailə münasibətləri on il davam gətirə bildi. İşin qəribəliyi o oldu ki, Adanın əri mənim Danimarka həyatımda müəyyən rol oynadı (Altmışıncı illərin ortalarında o, Moskvada ziyalıların təqib edilməsinə qarşı etirazlara imza atmağa başladı və arzuolunmaz şəxsə çevrildi. 1967-ci ildə o, dəvət üzrə Kopenhagenə, SSRİ-nin Finlandiyaya qarşı qış müharibəsinə dair mühazirə oxumağa gəldi. Bizim şəxsi görüşümüz zamanı o, mənə məlumat verdi ki, Moskvada rus ziyalılarının və dissidentlərin Qərb tərəfindən müdafiə edilməsi barədə şayiələr gəzir).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*