Mayın 28-də Böyük Qayıdışın Xocalı mərhələsi başlandı. Bu təqvimin məhz 28 may – Müstəqillik Günündə seçilməsi təsadüfi deyildi və özündə mühüm mesajları daşıyırdı. Azərbaycan bir əsrdən artıqdır bölgədə davam edən erməni terroruna son qoydu. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin tarixi ötən əsrin əvvəllinə qədər uzanır. Bu qanlı terrorun ən dəhşətli səhifələrindən biri məhz Xocalıdır. Azərbaycan 44 günlük müharibə, ardınca 24 saatlıq anti-terror tədbirləri ilə torpaqlarımızdakı işğala, erməni soyqırımına və terroruna son qoydu. 28 mayda – Müstəqillik Günündə Xocalıya başlayan qayıdış bunun əyani nümunəsidir.
Bu həm də ədalətin zəfər qazanması, xeyrin şər üzərində qələbə əldə etməsidir və bütövlükdə bəşər tarixi üçün əhəmiyyətlidir. Çünki dünyada soyqırımılar, qətliamlar məhz cəzasızlıq mühitində baş verir. Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməməsi, cinayətkarların cəzalandırılmaması cəzasızlıq mühiti yaratmışdı.
Təsadüfi deyil ki, Ermənistan işğal dövründə, hətta 44 günlük müharibədən sonra da terror siyasətindən əl çəkmirdi. 44 günlük müharibədə Azərbaycan torpaqlarının böyük hissəsini azad etdi. Lakin erməni separatçılar qaldıqları ərazilərdə qondarma “dövlət” qurmaq xəyalından əl çəkməmişdi. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində torpaqlarımızdakı separatizm də məhv edildi və digər ərazilər kimi Xocalı da azadlığına qovuşdu. Beləliklə, Azərbaycanda Xocalı soyqırımı üzərindən davam edən cəzasızlıq mühitinə son qoyuldu. Erməni cinayətkarların çoxu müharibə meydanında məhv edildi, bir qismi qandallanaraq, həbs olundu. Bu, xeyrin şər üzərində qələbəsi deməkdir. Bu qələbəni məhz Prezident İlham Əliyev təmin etdi.
Dövlət başçısının Xocalı sakinlərinə mənzillərinin açarlarını təqdim etməsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Çünki məsələ təkcə vətəndaşın sosial təminatının həll edilməsi yox, bütövlükdə xalq olaraq belimizin dikəlməsi, başımızın yerdən qalxması deməkdir. Prezident İlham Əliyev 28 mayda Xocalıda Azərbaycan xalqının başını bir daha uca etdi.
Dövlət başçısı xocalılarla birlikdə şəhəri gəzdi, qanlı soyqırımın baş verdiyi torpaqlara həyatın yenidən qayıtdığını nümayiş etdirdi. Dövlət başçısının Xocalıda vediyi mühüm mesajlar da xüsusilə seçilir.
Birincisi, xocalılara o dəhşətli günlərin bir daha yaşanmayacağını bildirdi, bununla da onların öz evlərində rahat yaşaya biləcəyini göstərdi. Bildirdi ki, bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək. Bu, hər bir xocalının, o dəhşətli soyqırımı günlərini yaşamış insanlarımızın eşitmək istədiyi sözlər idi.
İkincisi, Ermənistanda hələ də ərazi iddiasında olanlara açıq mesaj verdi.
“Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”, – deyən dövlət başçısı Azərbaycana qarşı istənilən təxribata anında cavab veriləcəyinin mesajını verdi.
Üçüncüsü, Ermənistana Xocalı soyqırımını etiraf etmək və Azərbaycandan üzr istəmək çağırışı etdi.
“Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi – o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”, – dövlət başçısı qeyd etdi.
Əslində bu mesaj Prezident İlham Əliyevin qarşıdakı illərdə Ermənistan qarşısında bu tələbi qoyacağının da mesajıdır. Ermənistan regionda sülh içində yaşamaq istəyirsə, Xocalı soyqırımını tanımalı, Azərbaycandan üzr istəməlidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ermənistana bu mesajı ünvanladı!
Vasif Həsənli