“XTQ-nin apardığı əməliyyatlar bir çox ölkələrin hərbi dərsliklərinə salınaraq tədqiq olunur” – AÇIQLAMAbackend

“XTQ-nin apardığı əməliyyatlar bir çox ölkələrin hərbi dərsliklərinə salınaraq tədqiq olunur” - AÇIQLAMA

Güclü ordu dövlətin əsas təməl prinsiplərindən biridir. Təsadüfi deyil ki, Azərbaycan öz güclü ordusuna görə dünyada sayılıb seçilən dövlətlər arasında yer alıb. Bu gün ordumuzun əsas tərkib hissələrindən olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranması günüdür. Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulan XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki, Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan Ordusunun prioritetlərindən biridir: “Bütün ordularda ümumordu qoşunlarla birgə xüsusi təyinatlılar var. Onlar öz ölkələrinin ərazi bütövlüyü uğrunda xüsusi əməliyyatlarda iştirak edir. Eləcə də Azərbaycan ordusunun XTQ-si yarandığı dövrdən yüksək peşəkarlığı özünə istiqamət seçərək ən vacib qoşun növlərindən olub. 44 günlük Vətən müharibəsində onların fəaliyyətini hamımız gördük. Onların Şuşaya Daşaltı istiqamətində, sərt qayalıqları aşaraq əli yalın çıxması və düşməni tamamilə məhv etməsi dünya hərb tarixinə düşüb. Bu gün onların apardığı əməliyyatlar dünyanın bir çox ölkələrində hərbi dərsliklərə salınaraq tədqiq olunur. Cəsarətlə deyə bilərik ki, dünya hərb təcrübəsində belə misallar çox azdır”.

Təhlükəsizlik qaydalarına əməl etməmək dövləti, vətəndaşları, hərbçiləri  çıxılmaz vəziyyətdə qoyur'

Ekspertin fikrincə, Xüsusi Təyinatlı Qüvvələrimiz bu gün yenidən formalaşır: “Təəssüf ki, Vətən müharibəsində onların bir qismi şəhid və qazi oldu. Onlar bizim baş ucalığımızdır və tariximizin qızıl səhifələrinə adlarını həkk ediblər. Ordumuzun XTQ-si yenidən formalaşmaqla bərabər yeni taktikalar öyrənilir. Vətən müharibəsindəki bir çox məsələlər yenidən ortaya qoyulub. Çatışmazlıqlar tədqiq edilir. Bu çatışmazlıqların aradan qaldırılması üçün təlimlər keçirilir. Fəaliyyət göstərdikləri 23 il ərzində bu qoşun növü hər zaman seçilib. Biz də öz növbəmizdə onları təbrik edir, vətəni qorumaq kimi müqəddəs işlərində əsgərlərimizə can sağlığı arzulayırıq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*