Xunta rejiminin rəhbərlərini nə gözləyir?backend

Xunta rejiminin rəhbərlərini nə gözləyir?

Son günlər Ermənistan mətbuatı Qarabağdan ermənilərin kütləvi şəkildə köçməsini tirajlayır və bununla Azərbaycanı etnik təmizləmədə ittiham etməyə cəhd göstərir.

Siyasi ekspert Oqtay Qasımov KONKRET.az-a məsələ ilə bağlı mövqeyini açıqlayarkən bildirib ki, bu, ermənilərin növbəti dezinformasiyasıdır. Əlavə edib ki, sentyabrın 19-dan bu günə kimi Qarabağdan Ermənistana köçənlərin sayı 5000-ə yaxındır:

“Bu, Ermənistanın açıqladığı rəsmi rəqəmdir. Gedənlərin mütləq əksəriyyəti isə Qarabağda xidmət edən Ermənistan hərbçiləri və onların ailə üzvləridir. Bildiyiniz kimi, bölgədə on min nəfərlik silahlı birləşmə var idi. Onların da 90%-i Ermənistandan gələnlər idi. İndi Qarabağı tərk edən həmən şəxslərdir”.

O.Qasımov qeyd edib ki, Azərbaycan bölgədə erməni əhalisinin qalmasında maraqlıdır:

“Bununla bağlı konkret tədbirlər planı da həyata keçirilir. Azərbaycan ən yüksək səviyyədə bildirib ki, Qarabağda yaşayan erməni əhalisinin hüquqları Azərbaycan Konstitusiyası ilə qorunacaq və ölkəmizin digər vətəndaşları kimi bütün hüquq və imtiyazlara malik olacaqlar. Diqqət etdinizsə, Azərbaycan Prezidentinin xalqa müraciətində bu məsələyə xüsusi toxunuldu. Ermənistana və ermənilərə keçmişi qapatmaq və yeni səhifə açmaqla bağlı təklif edildi. Qarabağ ermənilərinə müraciət edən Prezident bildirdi ki, bundan sonra Azərbaycan ərazisində yaşayan insanlar əvvəlki dövrlərdən daha gözəl həyat sürəcəklər. Azərbaycan bunu təmin edəcək”.

Separatçı rejimin nümayəndələrinə gəlincə, ekspert bildirib ki, onların sonu çatıb: “Azərbaycan böyük humanistlik nümayiş etdirərək, hərbi cinayətlərə bulaşmamış şəxslərə problem yaradılmayacağını açıq şəkildə bəyan edib. Bu baxımdan xunta rejiminin rəhbərliyində də hər hansı cinayətdə əli olmayan şəxslər üçün heç bir problem ola bilməz. Onların yaşamaq yeri ilə bağlı seçim imkanına hörmətlə yanaşılacaq. Azərbaycan qanunlarını qəbul edib bölgədə yaşamaq istəyən və təbii ki, hər hansı cinayətdə iştirak etməyən şəxslər Azərbaycan ərazisində yaşaya bilər. Bu, xunta rejiminin rəhbərlərinə də aiddir”.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*