Nurəddin Mehdiyev: Nədənsə başlamaq lazım idi. Bu iş başlandı və prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli hərbi sənayesini uğurla qurur.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışına öz münasibətini bildirmişdir.
Hər il olduğu kimi, bu il də ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən elan olunmuş 26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində hərbiçilərlə görüşdü və yenicə tikilmiş “N” saylı hərbi hissəsinin açılışında iştirak etdi. Bu, bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürü idi. Başqa cür də ola bilməz. Müharibə şəraitində yaşayan bir ölkənin ən başlıca məsələsi ordudur və onun ən müasir səviyyədə quruculuğudur.
Heç şübhəsiz ordumuz bu gün dünyanın ən güclü ordularındadır. 2006-cı ildən dünyanın 138 ölkəsinin ordularının reytinq cədvəlini tərtib edən nüfuzlu “Global Firepower“ hərbi-analitika təşkilatının reytinq cədvəlinə görə bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Qonşu Gürcüstan ordusu 89-cu, Ermənistan isə 111-ci yerdədir. Bu nəticələr illər boyu Azərbaycan dövlətinin ordu quruculuğu sahəsində apardığı əhəmiyyətli işlər sayəsində mümkün olmuşdur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanmışdır. Hesab edirəm ki, maksimum il yarım – iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcəkdir.
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışında da orduya qayğının vacibliyindən danışarkən qeyd etdi ki, “Ordu quruculuğu bizim üçün prioritet məsələdir.Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə mənim göstərişimlə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Burada da Azərbaycan ön sıralardadır, yeniliklər göstərir. Çünki Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən gərək yüksək təminatla əhatə olunsunlar. Ordumuza göstərilən qayğı bu məsələlərlə bitmir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Xüsusilə deyə bilərəm ki, fərqlənmiş hərbçilər mükafatlandırılır. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir.” Məhz buna görə həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları nəticəsində biz böyük ərazini işğalçılardan azad edə bildik və o torpaqlarda Azərbaycan bayrağını ucaltdıq.
Hər bir ölkə öz milli hərbi sənayesini yaratmalıdır. Təkcə xaricdən alınan hərbi texnikalara etibar etmək olmaz. Azərbaycan da burada istisna deyil. Nədənsə başlamaq lazım idi. Bu iş başlandı və prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli hərbi sənayesini uğurla qurur. İllər öncə Müdafiə Sənayesi Nazirliyinin yaradılması gələcəyə doğru atılmış addım idi. İndi həmin Nazirliyin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu məhsullar nəinki yerli tələbatı ödəyir, həm də ixrac olunur.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməsinin vacibliyindən danışdı.Prezident gənc nəslin, gənc əsgərlərimizin vətənpərvərlik ruhunda tərbiyyə almasına, onlara Vətənimizin real tarixnin düzgün öyrədilməsinə, xalqımıza qarşı düşmənçilik edən şəxslərin illərboyu qəhraman kimi təqdim edilməsinin yolverilməzliyinə diqət çəkdi: “Müstəqilliyi quranlar düşmən kimi qələmə verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi.Küçələrə onların adları verilir, onlara abidələr, monumentlər qoyulurdu.” Nurəddin Mehdiyevin fikrincə, İlham Əliyev bu fkirləri ilə öz tarixini bilən, öz vətəninə sadiq olan, onu qoruyan, qürurlu və milli gəncliyin yetişdirilməsini əsas məqsəd kimi irəli sürdü.
Hazırda dünyada ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür deyən prezident İlham Əliyev Ermənistanın diaspor fəliyyətinin köməyi ilə işğal olunmuş ərazilərimizdə maddi – mədəni irsimizə qəsd etdiyini söylədi: “Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq.”
İlham Əliyev tarixdən dərs çıxarılmasının vacibliyini qeyd edir. AXC hakimiyyəti dövrünün acı miraslarından biri də Qarabağın itirilməsi olmuşdur. Torpaqlarımız AXC – nin məhz hakimiyyətə gəlmək istəyinə qurban verildi. “Şuşanın ermənilərə təhvil verilməsi də bu istəyə xidmət edirdi.Halbuki, hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.”
Prezident haqlı olaraq radikal müxalifətin tutduğu qeyri – milli mövqeyi tənqid edir.Hələ AXC hakimiyyəti dövründə tutduqları vəzifələrindəki səriştəsizliklərini bu gün müxalifətdə başqa formada davam etdirilər. Bu gün dünyada pandemiya səbəbindən yaşadığımız iqtisadi çətinlikləri özlərinə fürsət bilir, cəmiyyətə sosial mediya kanalları ilə yalan mesajlar verməklə, guya gərginliyə səbəb olmaq istəyirlər. Prezidentin təbirincə desək “sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar.”
Guya müstəqil olan Ermənistandakı siyasi vəziyyətə toxunan İlham Əliyev haqlı olaraq son 20 ildə bu ölkəyə quldur və oğruların rəhbərlik etdiyini söyləyir. Məlum həqiqətdir ki, yalançı demokratik inqilab dalğası altında hakimiyyətə gələn Nikol Paşinyanı xarici dairələrdən idarə olunur. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur. Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəkləndiyi hər kəsə aydındır. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Nurəddin Mehdiyev qeyd etdi ki, Qərb ölkələrinin Paşinyan rəhbərliyini bu qədər müdafiə etməsi, ölkədə baş verən qanunsuzluqlara, anti – demokratik fəaliyyətlərə göz yumulmasının səbəbi ortadır. Qərb Ermənistanı öz geosiaysi maraq dairəsində görür. Prezident İlham Əliyevin verdiyi mesaj Ermənistanla yanaşı “məxməri” inqilablardan əziyyət çəkən digər ölkələr və xalqlar üçün də əhəmiyyətlidir: “Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır.”
Prezidentin fikrincə, Azərbaycanın yolu özünəməxsus yoldur, inkişaf yoludur, daxili sabitlik, iqtisadi islahatlar və güclənmək yoludur. Yalnız bu şərtlərlə biz torpaqlarımızı işğaldan azad edə bilər, bütün sahələrdə qələbə qazanarıq.