“Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIRbackend

“Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR

Hər il noyabr ayının 19-u bir çox ölkələrdə Beynəlxalq Kişilər Günü kimi qeyd edilir.

KONKRET.az xəbər verir ki, bu təşəbbüs ilk olaraq Trinidad və Tobago adasında irəli sürülüb. Daha sonra dünyanın 60 ölkəsində də qeyd olunmağa başlayıb.

Beynəlxalq Kişilər Gününün qeyd olunmasında əsas məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və nailiyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a açıqlamasında kişilərə həmişə böyük hörməti olduğunu bildirib:

“Ancaq o vaxtın kişiləri əsl kişi idi. İndiki kişilər isə biraz cılızlaşıb. Bizim dövrün kişiləri qeyrətli, namuslu, vətənini sevən idi, ancaq müasir dövrün kişilərində bu xüsusiyyətləri tapmaq bir az müşkül məsələyə çevrilir. Hətta elələri var ki, ancaq pul güdür, başqa heç nə düşünmür. İndiki dövrdə pul hesabına satqınlıq edən, yaltaq kişilərin sayı nədənsə durmadan artır. Əvvəlki kişilər ən ağır zamanlarında belə özlərini sındırmırdılar, ağırlıqlarını qoruyub saxlayırdılar. Bir söz var, deyirlər ki, kişi zəhmli olmalıdır. Mən bu fikirlə razılaşmıram, zəhmlə kişi olmur. Kişi zəhmli ola bilər, amma içi boşdursa zəhmin ona nə aidiyyatı? Görüntü əsas deyil ki, əsas olan odur ki, sözünün üstündə dursun, ailəsinin qədrini bilsin, satqın olmasın”.

Jurnalist Rəna Kərimovaya görə əsl kişi obrazı nə istədiyini bilən, boş vədlər verməyən, dilindən çıxan sözün ağası olan, qeybətcil olmayan, özünə hörmət etməyi bacaran biridir.

“Bir var kişi cinsindən olan, kişi cinsindən doğulanlar, bir də var xarakteri kişi olanlar. İlk növbədə Beynəlxalq Kişilər Günü münasibəti ilə cinsi kişi olanları yox, əsl kişi olanları təbrik edirəm. Sədaqətli olsunlar, “biri ilə evlənim anama gəlin olsun, özüm subayçılığa davam edim” deməsinlər. Qadınlara qarşı daha qayğıkeş, daha diqqətli olsunlar. Fərqi yoxdur ki, bu anadır-bacıdır, ömür-gün yoldaşıdır, yoxsa sevgili. Həyatlarındakı qadınlara dəyər versinlər! Yalana, cılız hərəkətlərə tənəzzül etməsinlər. Tarixən həmişə Azərbaycan kişisinin bir çəkisi olub. Bu çəkini qorusunlar. İradəli və cəsur olsunlar, bir də görürsən ki, kişi xeylağıdır, oturub həyatdan, bəxtindən gileylənir. Yeri gəlsə kişi ağlayar, kişinin də zəif anları olar, ancaq bütün günü şikayət etmək kişini cılızlaşdırır. Müstəqil olsalar daha yaxşı olardı. Baxırsan yaş 30-a çatıb, hələ də həyati məsələlərdə valideyn diqtəsi ilə oturub-dururlar. Son olaraq səliqə-səhmanlarına fikir vermələrini, baxımlı olmalarını istərdim”.

22 yaşlı gənc müəllimə Nərmin Mehdiyeva isə əsl kişilik obrazını güclü bir xarakterə sahib olan insanda görür:

“Təbii ki, hər bir qadının beynində, xəyalında yaratdığı əsl kişi xarakterinə malik bir kişi obrazı olur. Əslində bu həyatda ideal insan da yoxdur, sadəcə biz beynimizdə o profili yaradaraq özlüyümüzdə onu ideallaşdırırıq. Görünüş və digər kriteriyalar nə qədər mükəmməl olsa da, xarakteri zəif olan bir kişidə artıq o mükəmməl kriteriyaları görmək mümkün olmur. Kişinin kişi kimi duruşu, danışığı, davranışı olmalıdır. Necə ki, əvvəlki dövrlərin kişilərində bu ağırlılıq və samballılıq hiss olunurdu. Ancaq təəssüf ki, müasir dövrdə əsl kişi xarakterli, görünüşlü kişiyə çox az rast gəlirik. Demək olar ki, getdikcə kişilik adı belə tarixə qovuşur. Adətən kişi qadından ona görə seçilir ki, üzündə bir zəhm, ağırlıq hiss olunur. Amma indiki oğlanların bəzilərində qadınlıq siması daha çox hiss olunur. Ən əsası kişi özgüvənli olmalıdır. İndi kişilərdə qadın kimi qeybət etmək, yerli-yersiz gülmək kimi xüsusiyyətlər daha da çoxalıb. Hətta yerişlərini belə qadınlaşdıran oğlanlar var. Kişi gələndə hiss olunmalıdır ki, bu əks cinsin nümayəndəsidir. Vallah nə deyəsən qadın kimi yeriyən kişilərdən nə gözləmək olar ki? Artıq nədənsə, bu kimi kişilərə daha çox maraq göstərirlər. Gənc olsam da, ola bilər ki, köhnə fikirliyəm, ancaq belə kişilərə sadəcə baxanda gülməyim gəlir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*