Qazi Zahid Aliyev müalicəsi üçün ona yardım edilməməsindən şikayətçidir.
O, saytımıza ünvanladığı müraciətdə bildirib ki, dövlətin ona təyn etdiyi məvacib müalicəsinə və yaşayışına yetmir:
“Paraplegiya xəsarəti almışam. 2022-ci ildə Müdafiə Nazirliyinin dəstəyi ilə Türkiyəyə müalicəyə getdim. Orada müalicə aldığım müddətdə səhhətimdə müsbət irəliləyiş oldu. 2023-cü ilin mart ayında ikinci dəfə Türkiyəyə müalicəyə göndərildim. Ayyarım müalicə alıb geri qayıtdım. Ordu sıralarından 1-ci qrup əlil kimi təxris olundum. İndi mütəmmadi olaraq reabilitasiyadan keçməliyəm. Qəbul etdiyim dərmanlar Azərbaycanda yoxdur, onları Türkiyədən gətizdirirəm. Buna görə də “YAŞAT” fonduna müraciət etdim. Amma fond nə maddi, nə də mənəvi cəhətdən dəstək oldu. 4 övladım var. Öz evim olmadığından kirayədə qalıram. Məvacibim isə yaşayışma və müalicəmə yetmir. Ali Baş Komandana müraciət edərək, problemlərimin həlli üçün müvafiq qurumlara göstəriş verməsini xahiş edirəm”.
KONKRET.az qazinin müraciəti ilə bağlı “YAŞAT” Fondu ilə əlaqə saxlayıb. Fonddan sorğumuza cavab olaraq bildirilib ki, Əliyev Zahid Səday oğlu 1-ci qrup əlil olsa da, “YAŞAT” Fondunun subyekti hesab olunmur:
““YAŞAT” Fondunun subyekti şəhid ailələrinin üzləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin müəyyən olunduğu şəxslərdir. Vətəndaşın əlilliyi isə xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədardır”.
Cavabda həmçinin qeyd olunub ki, fondun məqsədi dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına göstərilən sosial tədbirlərə əlavə dəstək verməkdir:
“Nəzərinizə çatdıraq ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz”.
Aygün Mirakif
KONKRET.az