Yaşayış minimumu haqqında qanunda dəyişiklik edilib. Dəyişikliyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında Nazirlər Kabineti tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir.
Bildirilir ki, təklif olunan qanun layihəsi qüvvəyə mindikdən sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında yeni qida normalarının tibb və sosial sahəyə aid müəssisələrdə tətbiq edilməsi, bu sahələrdə xidmət alan şəxslərin fiziki və psixoloji sağlamlığını yaxşılaşdırmaqla yanaşı, onların müalicə və reabilitasiya proseslərinə də müsbət təsir göstərəcək. Belə ki, yeni normaların tətbiqi ilə tibb müəssisələrində vətəndaşların stasionar müalicəsi zamanı həyat keyfiyyətinin yaxşılaşdırılmasına, sağalma prosesinin sürətlənməsinə, xəstəxanada qalma müddətinin qısaldılmasına və nəticədə, dövlət büdcəsindən artıq maliyyə xərclərinin azalmasına nail olunacaq. Bu normaların təhsil müəssisələrində tətbiqi isə, təhsil alan şəxslərin qida təminatının düzgün tənzimlənməsini və sağlam inkişafını təmin edəcək.
KONKRET.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək: “Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Eyni zamanda gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir”.
İqtisadçı Eldəniz Əmirov qanuna dəyişikliklə bağlı “Yeni Müsavat”a şərhində bildirdi ki, yaşayış minimumu haqqında qanunda dəyişikliyin məqsədlərini iki istiqamətə ayırmaq olar. İqtisadçı hesab edir ki, bu istiqamətlər sosial ədalətin daha geniş şəkildə və real həyat şərtlərinin təmin olunmasıdır: “Bu istiqamətlər bu günün aktual tələbləridir. Bu dəyişikliklər sosial sahədə fəaliyyət göstərən müəssisələrdə – yaşlılar, yaxud xüsusi qayğıya ehtiyacı olan şəxslərə, o cümlədən sosial dəstəyə ehtiyacı olan digər insanların yaşadığı mərkəzlərdə olan qida normalarının müəyyənləşməsinə imkan yaradacaq. Əvvəllər yalnız tibb və təhsil müəssisələri üçün qida normaları təsbit olunmuşdu, amma sosial müəssisələr kənarda qalmışdı. Bu dəyişiklikdən sonra institutsional baxımdan bərabərsizliyin aradan qaldırılmasına imkan yaradılacaq. Təbii ki, bunu dövlətin sosial öhdəliklərinin artırılması kimi də qiymətləndirə bilərik. O ki qaldı ikinci məqsədə, hesab edirəm ki, ikinci məqsəd birincidən daha aktualdır. Minimum istehlak səbətinin həm tərkibi, həm də onunla bağlı digər detallar təxminən 11 il öncə formalaşıb. Bu illər ərzində həm iqtisadi şərtlər, həm sosial şərtlər həddən artıq dəyişib, yeniləməyə ehtiyac var. İnsanların gündəlik ehtiyacları-iqtisadi ehtiyaclar, məhsulların qiymətləri, xidmətlərin xərcləri, sosial tələblər və digər onlarla istiqamətdə ciddi dəyişikliklər yaranıb. Artan və dəyişən tələblər qarşılığında 285 AZN məbləğində yaşayış minimumunun artırılması zərurətə çevrilib. Ümumiyyətlə, yaşayış minimumuna sadə rəqəm kimi baxmaq olmaz. Bu, dövlət büdcəsində sosial xərcləri-ünvanlı sosial yardımlar, əməkhaqqı və pensiya siyasətində oynadığı rolla bir çox iqtisadi göstəricilərə öz təsirini göstərir. Bir sözlə, bu dəyişikliklər qanundakı boşluq hesab edilən məqamları aradan qaldıracaq, eyni zamanda insanların sosial ehtiyaclarının nisbətən təmin olunmasına imkan yaradacaq. Eyni zamanda həssas qrupların rifahına müsbət təsir göstərəcək”.