Yasir Nəcdi: “Ərəbləri Azərbaycana cəlb edən amillər çoxdur”backend

Yasir Nəcdi: "Ərəbləri Azərbaycana cəlb edən amillər çoxdur"

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli əlaqələr kifayət qədər inkişaf edib. İki ölkə əlaqələrinin tarixi Azərbaycanın 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyinə qovuşmasından sonrakı dövrə gedib çıxır. Münasibətlər real olaraq, Azərbaycanın sabiq prezident Heydər Əliyevin Ər-Riyada 1994-cü ildə etdiyi səfərlə başlayıb. Ölkənin hazırkı rəhbəri İlham Əliyevin Səudiyyə Ərəbistanına 2005-ci ildə baş tutmuş səfərindən sonra isə Azərbaycanın hökumət rəsmiləri buraya daha tez-tez gəlir.

O vaxtdan davamlı qarşılıqlı səfərlər təşkil olunur, istər siyasi, istər iqtisadi sahələrdə əməkdaşlıq sazişləri imzalanır, tərəflərin maraqlarına uyğun müştərək layihələr həyata keçirilir.

Bu gün isə Azırbaycan paytaxtı Bakı səudiyyəli turistlərin sevimli istiqamətinə çevrilib. Son illərdə Türkiyənin turizm sektorunda ciddi geriləmə müşahidə olunur. Bunun fonunda Azərbaycan turizmi Körfəz dövlətlərindən, xüsusilə Səudiyyə Ərəbistanından gələnlərin hesabına xeyli inkişaf etdirib.

Kral Feysəl İslami Araşdırmalar və Tədqiqatlar Mərkəzinin əməkdaşı Məhəmməd əl-Rumeyzan “Sabq”a Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinin tarixindən danışıb: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi var. Azərbaycanın buradakı səfirliyi hələ 1994-cü ildə, sabiq prezidenti Heydər Əliyevin Ər-Riyada səfərindən sonra açılıb. Bununla da ölkələr yaxınlaşmağa başlayıb, əlaqələr, əməkdaşlıq inkişaf edib, tərəflər müxtəlif sahələrdə qarşılıqlı münasibətlər qurub. Daha sonra hazırkı prezident İlham Əliyevin Ər-Riyada 2005-ci ildə səfər edib. Bu, Azərbaycan rəsmilərinin Səudiyyə Ərəbistanına səfərlərinin artmasına yol açıb”.

Tədqiqatçı deyir ki, bu gün tərəflər arasında müsbət xarakterli əməkdaşlıq var. Səudiyyə Ərəbistanı Azərbaycana 1991-ci ildə müstəqillik qazandığı andan, xüsusilə Dağlıq Qarabağ münaqişəsində hər zaman dəstək verib. “Bu gün xüsusilə iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq nəzərəçarpacaq dərəcədə inkişaf edib”, – deyə o, bildirib.

İqtisadi münasibətlər

Əl-Rumeyzanın fikrincə, xüsusilə iqtisadi əlaqələrdə ciddi inkişaf var. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı 90-cı illərin ortalarından etibarən Azərbaycana investisiya yatırmağa başlayıb. 2009-cu ildə belə sərmayələr daha da artıb. Bu gün Səudiyyə Ərəbistanının Azərbaycana yatırdığı dövlət və özəl investisiyaların həcmi 370 milyon ABŞ dollarına çatır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 20 milyon dollar təşkil edib.

Əl-Rumeyzan fikrini belə davam etdirib: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan ikitərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu işlə Müştərək Komissiya məşğuldur. Komissiyanın birinci iclası hələ 2001-ci ildə Bakıda keçirilib. Sonrakı illərdə görüşlər davam etdirilib. Komissiyanın sonuncu iclası 2019-cu ilin martında yenə Bakıda baş tutub. Həmin iclasın nəticəsi olaraq, Azərbaycan Maliyyə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Baş İnvestisiya Fondu arasında iqtisadi tərəfdaşlığın inkişafı, ticarətin artırılması, biznesin inkişafı sahələrində bəzi sazişlər imzalanıb”.

Azərbaycanın turizm sektoru

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələri deyil, mədəniyyət və turizm sahələrini də əhatə edir. Onların hər ikisi İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Başqa sözlə, iki ölkənin ortaq mədəni, dini və tarixi cəhətləri var.

Bakı və Azərbaycanın digər şəhərləri səudiyyəli və körfəzli turistlər üçün ideal məkandır. Bura mülayim iqlimilə, Xəzər dənizinin əsrarəngiz sahillərilə tanınır. Azərbaycanın dağlıq bölgələri də var. Bir sözlə, Azərbaycan gözoxşayan mənzərəli yerlərilə tanınır. Ölkənin Körfəz dövlətlərinə coğrafi yaxınlığı, “halal” qidalarının olması da turistləri cəlb edir.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkəyə 7500 səudiyyəli turist gəlmişdisə, 2018-ci ildə onların sayı 73 minə çatıb. Bu, Azərbaycana gəlmiş turistlərin ümumi sayının (ildə 2,8 milyon nəfər) təxminən 2,5%-i deməkdir.

Əl-Rumeyzanın sözlərinə görə, ümumiyyətlə, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrindən Azərbaycana üz tutan turistlərin sayı iki dəfə artıb. Səbəb Azərbaycanın turistlərə müxtəlif təklifləridir: “Səudiyyəli turistlər daha çox paytaxt Bakıya üstünlük verir. Onlar Bakıda orta hesabla 6 gün qalır. Qəbələ isə Azırbaycanın ən çox səfər edilən rayonudur. Ölkənin şimalında yerləşən dağlıq rayon qədim tarixə malikdir”.

Bəs son illərdə Azərbaycana üz tutan səudiyyəli turistlərin artımına səbəb nədir? Hər halda, çox qısa zamanda – 2016-cı ildən 2018-ci ilədək onların sayı təxminən 10 dəfə artıb. Əl-Rumeyzan bu suala belə cavab verir: “Türkiyə Körfəz ölkələrindən olan turistlərin böyük hissəsini Azərbaycana uduzub. Səbəb Türkiyədə zaman-zaman baş verən terror hadisələri və siyasi qeyri-sabitlikdir. Məhz bu iki səbəb səudiyyəli və körfəzli turistlərin alternativ istiqamət kimi daha sabit və əmin-amanlığın hökm sürdüyü Azərbaycana üz tutmasına yol açıb”.

“Azərbaycan hökumətinin turizmlə bağlı müxtəlif təşəbbüsləri, güzəştləri də səbəblər arasındadır. Azərbaycan 2016-cı ildə səudiyyəlilər və Körfəz ölkələrinin nümayəndələri üçün 30 günlük viza tətbiqinə başlayıb. Həmçinin bu yaxınlarda, daha dəqiq desək, 2018-ci ildən Ər-Riyadla Bakı arasında birbaşa təyyarə reysləri həyata keçirilir”, – deyə o, qeyd edib.

Yasir Nəcdi, “SABQ”

 

 

Ərəb dilindən tərcümə – WorldMedia.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*