Yaxın 5 ildə beş böyük müharibə başlaya bilər – ABŞ kəşfiyyatıbackend

Yaxın 5 ildə beş böyük müharibə başlaya bilər - ABŞ kəşfiyyatı

ABŞ-ın nüfuzlu “Politico” nəşri kəşfiyyat mənbələrinin təhlilinə istinad edərək, dünyanın yeni silahlı münaqişələr astanasında olduğu barədə xəbərdarlıq yayıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Məqalədə qeyd olunur ki, “yeni qlobal alovlanmaların ehtimalı düşündüyünüzdən daha yüksəkdir” və gələcək beş il ərzində ən azı beş potensial müharibə ocağı diqqətlə izlənilməlidir.

1. Hindistan–Pakistan qarşıdurması

Cənubi Asiyada illərdir davam edən gərginlik, ekspertlərin fikrincə, hər an müharibəyə çevrilə bilər. Hər iki ölkənin nüvə arsenalı 300-dən çox başlıqdan ibarətdir və daxili siyasətdə artan radikallaşma eskalasiyaya təkan verir. Kəşfiyyat mənbələri bildirir ki, xüsusilə Kəşmir məsələsi gələcəkdə yeni silahlı toqquşmaların başlanğıcı ola bilər.

2. Çin–Tayvan müharibəsi ehtimalı

XXI əsrin dünya nizamını müəyyənləşdirəcək ən təhlükəli qarşıdurmalardan biri Çinlə Tayvan arasında ola bilər. Pekin Tayvanı “öz ərazisi” hesab edir, Vaşinqton isə açıq şəkildə adaya dəstək verir. Politico yazır ki, bu münaqişə təkcə regional böhran yox, həm də ABŞ ilə Çin arasında liderlik savaşını reallaşdıracaq.

3. Rusiya–Baltik ölkələri gərginliyi

Ukrayna müharibəsinin fonunda Baltik regionunda vəziyyət daha da gərginləşib. Litva, Latviya və Estoniya NATO üzvləri olduqları üçün Rusiyanın hər hansı hərbi addımı birbaşa Alyansla toqquşma deməkdir. Politico yazır ki, Moskvanın “təxribatçı davranışları” yaxın illərdə Baltik dənizi ətrafında yeni münaqişə ocağı yarada bilər.

4. Hindistan–Çin sərhəd böhranı

Dünyanın iki nəhəng ölkəsi — Hindistan və Çin arasında Himalay sərhədlərindəki qarşıdurma kritik həddə çatıb. O qədər ki, hər iki ölkə sərhəddə xidmət edən hərbçilərə silah gəzdirməyi qadağan edib. Analitiklər xəbərdarlıq edirlər ki, bu gərginlik gözlənilməz insidentlə genişmiqyaslı hərbi toqquşmaya səbəb ola bilər.

5. Koreya yarımadasında müharibə riski

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasındakı qarşıdurma hələ də açıq şəkildə qalır. Pxenyanın davamlı raket sınaqları və nüvə proqramı regionda təhlükəni artırır. ABŞ-ın hələ də yarımadada 30 min hərbçi saxlaması göstərir ki, Vaşinqton Cənubi Koreyanın təhlükəsizliyini təmin etməyə məcburdur. Politico yazır ki, bu böhran da yaxın illərdə yeni müharibəyə səbəb ola bilər.

Ekspertlərin ümumi qənaətinə görə, qarşıdakı beş ildə dünyada silahlı toqquşmaların miqyası daha da genişlənə bilər. ABŞ kəşfiyyatının hesabatı göstərir ki, Hindistan–Pakistan, Çin–Tayvan, Rusiya–Baltik ölkələri, Hindistan–Çin və Koreya yarımadası potensial münaqişə zonalarıdır. Politico bu risklərin hər birini “yüksək ehtimallı təhlükə” kimi qiymətləndirir və beynəlxalq ictimaiyyətə xəbərdarlıq edir: “Dünya indi soyuq müharibə sonrası dövrdən daha təhlükəli mərhələyə qədəm qoyub”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*