“Yaxın vaxtlarda Türkiyədə böyük zəlzələnin başvermə ehtimalı yüksəkdir” – Türk ekspertdən SENSASİON AÇIQLAMAbackend

“Yaxın vaxtlarda Türkiyədə böyük zəlzələnin başvermə ehtimalı yüksəkdir” – Türk ekspertdən SENSASİON AÇIQLAMA

“Cəmiyyətdə “Google” sisteminin zəlzələni öncədən bildiyinə dair səhv fikir formalaşıb”.

Bunu Türkiyənin Qazi Universitetinin dosenti, geoloq və fəlakətlərin idarə edilməsi üzrə mütəxəssis Bülənt Özmən KONKRET.az-a müsahibəsində deyib.

Mütəxəssislə müsahibəni təqdim edirik:

– Bülənt bəy, “Google” zəlzələdən bir dəqiqə öncə telefonlara xəbərdarlıq göndərir. Bu isə onun zəlzələni öncədən bildiyi iddialarının yayılmasına səbəb olur. Maraqlıdır, “Google” zəlzələni öncədən necə bilir?

– Əslində, “Google” zəlzələnin olacağını öncədən bilmir. Cəmiyyətdə bununla bağlı yanlış anlaşılma var. “Google” sisteminin zəlzələni öncədən bildiyinə dair səhv bir fikir formalaşıb. Halbuki belə bir şey yoxdur. Zəlzələ meydana gəldikdən sonra dalğalar halında yayılaraq enerjisini boşaldır. Həcmi və səthi dalğalar adlanan iki cür dalğa yayır. Həcmi dalğalar da öz içərisində “P” (uzununa dalğa) və “S” (eninə dalğa) olaraq iki yerə bölünür. “P” sizin olduğunuz yerə ən tez çatan dalğadır. Ardınca isə “S” dalğaları gəlir. Bunlardan sonra isə sürəti daha yavaş olan səthi dalğalar gəlir. “P” dalğaları titrəyişdən başqa heç bir fəsada səbəb olmaz. Əsl dağıntıya səbəb olan dalğalar “S” dalğalarıdır.

Yəni “Google” sistemindəki məntiq də tamamilə bu dalğaların sürətinə əsaslanır. “P” dalğası baş verən kimi “Google” istifadəçilərinə həmin bölgədə zəlzələ olduğuna dair xəbərdarlıq edir. Əslində bu, zəlzələ baş verdikdən sonra işləyən sistemdir. Bir daha qeyd edim ki, “Google” zəlzələdən öncə deyil, zəlzələ olandan sonra “P” və “S” dalğaları arasındakı bir neçə saniyəlik zaman fərqindən yararalanaraq istifadəçilərə xəbərdarlıq göndərir. Ümumiyyətlə, “Google” zəlzələni öncədən bilən və qabaqcadan istifadəçilərə mesaj göndərən bir sistem deyil. Belə bir sistem mövcud deyil.

– Son zamanlarda Türkiyədə zəlzələ olduqdan qısa müddət sonra Azərbaycanda da zəlzələ baş verir. Bəs bu təkanların bir-biri ilə əlaqəsi varmı?

– Türkiyədə baş verən zəlzələlərin Azərbaycanda meydana gələn zəlzələlər ilə əlaqəsi yoxdur. Çünki həmin fay xətləri tam fərqlidir. Türkiyədən sonra Azərbaycanda zəlzələnin baş verməsi tamamilə təsadüfdür. Axır vaxtlar iki ölkədə meydana gələn zəlzələlərin yerlərinə baxdığımız zaman da onların bir-biri ilə əlaqəsi olmadığını görə bilərik.

– Son aylarda Azərbaycanda bir neçə dəfə zəlzələ oldu. Bir mütəxəssis kimi, necə düşünürsünüz, ölkəmizdə böyük zəlzələlər baş verə bilərmi?

– Bunu belə qiymətləndirmək doğru deyil. Türkiyə ilə müqayisədə Azərbaycanda daha az təkanların olduğunu görürük. Azərbaycanda ən son 2000-ci ildə 6,8 ballıq və 1902-ci ildə 6,9 ballıq zəlzələ baş verib. Yəni keçmiş illərdə Azərbaycanda meydana gələn zəlzələ statistikalarına baxanda bunların çox az sayda olduğunu deyə bilərik. Amma yenə də zəlzələ olmayacağını demək olmaz. Azərbaycanda da müxtəlif zamanlarda dağıdıcı zəlzələlər olur. Dolayısı ilə Türkiyədə olduğu kimi, Azərbaycanda da zəlzələ risklərinin azaldılması mövzusuna fokuslanmaq və binaları zəlzələyə dayanıqlı hala gətirmək lazımdır.

Bunları edərkən mütləq şəkildə səthin xüsusiyyətlərinə də diqqət etmək lazımdır. Elm bizə zəlzələlərin nə zaman və harada olacağını aşkar etməyə imkan vermir. Hər nə qədər uzunmüddətli fasilələrlə olsa da Azərbaycanda da zəlzələ riski var. Ona görə də orada risklərin azaldılmasına fokuslanmaq olduqca faydalı olar.

– Qardaş ölkədə demək olar ki, hər gün zəlzələ qeydə alınır. Təkanlar niyə səngimir?

– Türkiyə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan və “əsrin fəlakəti” adlanan zəlzələ iki böyük dəhşət yaşadı. Bunun nəticəsində il ərzində ölkəmizdə çox sayda afterşoklar meydana gəldi. Hətta 2023-cü ildə Türkiyədə 70 mindən çox zəlzələ qeydə alınıb. Bunların böyük əksəriyyəti də 6 fevraldakı zəlzələlər ilə əlaqəlidir. Bundan başqa, Türkiyənin müxtəlif yerlərində 5 baldan yuxarı təkanlar baş verdi. Əslində 6 fevraldakı zəlzələlər istisna olmaqla ölkəmizin digər yerlərində bu qədər zəlzələnin baş verməsi normaldır.

Təəssüflər olsun ki, Türkiyə zəlzələ baxımından olduqca kritik bölgədə yerləşir. Ölkəmizdə 550-yə yaxın zəlzələ meydana gətirmə potensialı olan fay xətti var. Bura qonşu ölkələrdəki və dənizlərdəki fay xətlərini də əlavə etdikdə minə yaxın fay xətti ortaya çıxır. Amma onların nə zaman və harada zəlzələ meydana gətirə biləcəyini öncədən deyə bilmirik. Ümumiyyətlə, bu qədər çox sayda aktiv fay xəttinin olduğu bir ölkədə zəlzələnin olmaması mümkün deyil.

Türkiyədə keçmişdən indiyə kimi baş verən zəlzələ statistikalarına baxdığımızda uzun müddət zəlzələnin meydana gəlmədiyi yerlərdə bu ehtimalın daha böyük olduğunu görürük. Yəni həmin yerlərdə başvermə ehtimalı digər yerlərlə müqayisədə daha çoxdur. Mərmərə dənizində, xüsusilə də İstanbula təsir edəcək zəlzələnin başvermə ehtimalı hər keçən gün artır. Bu barədə araşdırma aparan elm adamları Mərmərə dənizində zəlzələ meydana gəlmə ehtimalının yüksək olduğunu və sözügedən dənizin altında ciddi təkanlar meydana gətirmə potensialı olan fay xətlərinin mövcudluğunu deyirlər. Əslində hansısa bölgədə zəlzələnin olacağını iki statistikaya əsasən deyirik.

Öncə həmin bölgədə zəlzələnin baş verib-vermədiyinə baxırıq. Ardınca isə həmin bölgədə zəlzələ meydana gətirən aktiv fay xətlərinə baxırıq. Bunlara əsasən rəy bildiririk. 1766-cı ildən bəri Kumburqaz seqmenti adlanan yerdə böyük zəlzələnin qeydə alınmaması seysmik boşluq olaraq göstərilir. Ona görə də sözügedən bölgədə irəliləyən günlər və ya illər ərzində böyük zəlzələ baş verə biləcəyini söyləyə bilərik.

Şimal Anadolu fay xəttinin şərqdəki ucunda Ərzincan-Bingöl arasında qalan bölgədə də yeddisu seqmenti adlanan fay xətti var. Orada da ən son 1784-cü ildə böyük zəlzələ meydana gəlib. 239 il keçdiyi və orada da gərginliyin artdığı üçün böyük bir zəlzələ gözlənilir. Əfsuslar olsun ki, Türkiyənin hər tərəfi hörümçək toru kimi fay xətləri ilə əhatələndiyi üçün bir çox yerdə zəlzələ olma ehtimalı var. Başda Ege və Anadolu olmaqla, ölkəmizin hər yerində zəlzələ riski olduğunu deyə bilərik. Yaxın vaxtlarda Türkiyədə böyük zəlzələnin başvermə ehtimalı yüksəkdir. Bunu da təsadüfən demirik. Tarixə nəzər saldıqda təxminən 5-6 ildən bir ölkəmizdə 7 və daha yuxarı balda zəlzələ baş verdiyini görürük. Hətta ildə bir dəfə Türkiyədə 6 və ya 6,9 bal gücündə zəlzələlərə şahidlik edirik.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*