Yayda istirahət üçün bu bölgəyə gedənlər udacaq! – Büdcəniz azdırsa…backend

Yayda istirahət üçün bu bölgəyə gedənlər udacaq! – Büdcəniz azdırsa...

“Hazırda yay mövsümünü nəzərə alsaq, Azərbaycanda daxili turizmdə ən çox tələbat şimal bölgəsinə – xüsusilə Qusar və Quba istiqamətinədir. Bu marağın əsas səbəblərindən biri bölgəyə yeni yol infrastrukturunun yaradılmasıdır. Pullu yolun istifadəyə verilməsi nəticəsində turistlər vaxt itkisinə yol vermədən bölgəyə daha tez və rahat şəkildə çata bilirlər. Bu da həmin istiqaməti daha cəlbedici edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib. O bildirib ki, Qusar-Quba bölgəsi, eyni zamanda, yerləşmə imkanlarının müxtəlifliyi ilə seçilir:

“Burada həm yüksək komfortlu otellər, həm də ekonomik və ailəvi istirahət üçün nəzərdə tutulmuş qonaq evləri kifayət qədər çoxdur. Bu da müxtəlif büdcəyə sahib turistlər üçün bölgəni əlçatan edir.

Bunun əksinə olaraq, hal-hazırda İsmayıllı-Qəbələ yolunda genişmiqyaslı təmir və yenidənqurma işləri aparılır. Yol infrastrukturunun yenilənməsi məqsədilə daha geniş və müasir yol çəkilir. Lakin tikinti prosesi davam etdiyindən bu istiqamətdə hərəkətdə gecikmələr yaşanır. Nəticədə bu bölgəyə turist marağı müvəqqəti olaraq azalıb. Yol çəkilişi başa çatdıqdan sonra İsmayıllı və Qəbələ kimi turizm məkanlarının da aktivliyinin artacağı gözlənilir”.

R.Quliyev vurğulayıb ki, may və iyun aylarında isə cənub bölgəsinə – əsasən Lənkəran, Astara və Masallı rayonlarına müəyyən qədər maraq müşahidə olunur:

“Bu marağın səbəbi bölgədə qiymətlərin nisbətən əlverişli olması ilə bağlıdır. Lakin yay aylarında cənub bölgəsində havaların çox isti və rütubətli olması səbəbindən oraya tələbat bir qədər aşağı düşür. Buna baxmayaraq, yaz və payız aylarında – xüsusilə Novruz bayramı və payızın sonlarında – bu bölgəyə maraq əhəmiyyətli dərəcədə artır.

Nəticə olaraq, mövsümə uyğun olaraq turistlərin seçimləri dəyişir. Hazırkı şəraitdə isə yol şəraiti və təbiət baxımından şimal bölgəsi yay turizmi üçün ən aktual istiqamət olaraq qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*