Yazıçılar Birliyindən NƏ istəyirik? – 203 minin TƏHLİLİbackend

Yazıçılar Birliyindən NƏ istəyirik? - 203 minin TƏHLİLİ

Adaşım 5 mərtəbəli binanın 6-cı mərtəbəsini tikib qurtarsın, gedəcək. O ki qaldı “Alçağın üslubu”na, 2005-in detektividir.

KONKRET.az olaraq Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayından sonra baş verənləri təhlil etmək istəyirik.

Xalq AYB-dən nə istəyir?

Əvvəlcə özümdən başlamaq istərdim. Peşəcə jurnalistəm, amma əlim qələm tutandan nəzm və nəsr əsərlərim var. 2007-ci ildə Yazıçılar Birliyinin ən gənc üzvü ola bilərdim. Mərhum şairlərdən biri ilk kitabım olan “Əbədi”yə ön söz yazmış və yaradıcılığıma valeh olmuşdu. Məni təmsil olunduğu “ittifaq”a üzv etmək istəyirdi. Çünki kitabımdakı hər vəzndə nəzm əsərlərindən başqa bədahətən demək istedadım da vardı. İlk kitabım nəşr olunandakı sevinci yaşamağa başlayırdım ki, 100 manat şirinlik söhbətinə dilxor olub imtina etdim. Amma şeirlərim birliyə təqdim olunmuşdu. Sadəcə, cavab gəlmədi. Ola bilər ki, söhbəti şirin salmadım. Ümidim qırılmadı. 2008-də “Səs” kitabım çap olunanda birliyin yenə adların açıqlamayacağım iki üzvü ilə görüşdüm. Oturan kimi başladılar öz şeirlərini oxuyub yaradıcılıqlarına tərif oxumağa. Ay bəylər, dünən yazdığınızı bu gün də bəyənirsinizsə, yerinizdə addımlayırsınız. Bunlara da bir quş! Telejurnalistika fəaliyyətimə başlayanda bir müsahibəyə sözügedən ittifaqa üzv ola bilərdim. Sadəcə, daha əvvəlki olaylar məni soyutmuş, hətta iyrəndirmişdi.

Belə ünsürlər gənc istedadların qələmini qırır, işıqlı xəyallarını qaraldır. Yazıçılar Birliyi isə qəlibə çevrilmiş sovet ədəbiyyatından başqa nümunələr də təqdim etmək üçün potensiallı gənclərə yol açmalıdır. Oxucu Səməd Vurğunun sayrışan novatorluğunda ilişib qalmalı deyil. Nə də sevənlər Zaur Təhminə timsalında yalnız Emin Sabitoğlu musiqilərini dinləyib ağlamamalıdır. Xalq AYB-nin icra hakimiyyəti kimi fəaliyyətini istəmir. Heç 15 il Baş nazir olmuş Artur Rasizadə rəhbər postunda Anar qədər olmayıb. Heç bütün çağırışlarda deputat seçilənlərin komitə sədrliyi də onun qədər uzunömürlü deyil. Dostluğumdakı jurnalistlərdən biri qəşəng yazmışdı ki, ermənilər Qarabağı işğal edəndə sədr olan Anar işğal qurtardı, yenə getmədi. Yeri gəlmişkən, ilk kitabımı çıxardanda təxəllüssüz, sadəcə adımı, üzqabığında Anar kimi imza qoymaq istəyirdim. Nəşriyyatdan tutmuş, ön söz yazan, korrektoracan müsbət qarşılanmadı ki, Anar var və sən ona rəqib ola bilməzsən. Əlbəttə, yaşımdan çox əsəri var.

Dronqo quşu

Baku TV: Tədbirin təşkil olunmasına görə 203 min vəsaitin ayrıldığı söylənilir. 203 minlik nəsə var idi burda?

Çingiz Abdullayev: Necə nə isə? Bəs bir belə adama biz bilet almışıq, arendanı vermişik, bəs bir belə adamı mehmanxanaya qoymuşuq. Bəs bir belə kitab çap eləmişik. Bəs bunlar “daje”, gülləri, bəs bu arendanı. Bəs siz bilmirsiniz? Utanmırsınız bu sözü məndən soruşursunuz? Yoxe, biz daha çox xərcləmişik. Nə danışırsınız?

Baku TV: Buranın təşkili üçün deyirlər, ona görə…

Çingiz Abdullayev: Yoxe, sizə yalan deyirlər. Axı neçə gün gəliblər. Bunlar burda qalırlar. Mehmanxana, yeyib-içmək pulu, sonra bunun bilet pulu. Rayonlardan gələn adamların pulunu. Çap olunmuşlara baxmırsınız? Posterlərə baxmamısınız? Bəs bu “oxrana” baxmırsınız ki, bunun da pulunu. Bəs başa düşmürsüz, hələ utanmırsınız xalq yazıçıdan soruşursunuz, pullar hara? Özün ölmürsən utanmaqdan? Bağışla məni, yox soruşma!

Jurnalist olaraq həmkar həmrəyliyi lazımdır. Amma videoya baxanda da sualın qoyuluşu, avaz bir az qıcıq doğura bilərdi. Bu lap “Bəyin oğurlanması” filmində Səyavuş Aslanın “8 min pul alıblar məndən, oynamaqlarına bax” kinayəsinə bənzədi. Yəni qalmaqallı cavab, yaxud aqressiv situasiyaya hesablanmış sual ola bilərdi. Belə olan təqdirdə, xalq yazıçısı Çingiz Abdullayevin imicinə qəsdən xələl gətirmək sifarişinin olduğu şübhəsi yaranır. Lakin müxbirin gənc olduğunu da nəzərə alanda belə riskli peşəkarlıq ehtimalı azalır. Yəni kobud cavaba təhriketmə stili köhnələrə xasdır. Sifarişli qara piarın aktuallığı isə qalır.

O ki qaldı xalq yazıçısı Çingiz Abdullayevin cavabına, ən çox işlətdiyi söz “bəs” oldu. Adamın lap “bəsdir” deməyi gəlir:

• 10 ölkədən 20-dən çox qonağın gediş-gəlişli avibilet xərci təxminən 30 min AZN edir.

• Ən bahalı otellərdə bir sutka qalmaqları maksimum 10 min manat tutar.

• Ən bahalı restoranlarda qidalanmaqları da lap 10 min manat olsun.

• Birliyin 330 əməkdaşına 100 manatdan mükafat verilsə, 33 min AZN alınır.

• Mühafizəçi və güllərə ayrılan xərci də 10 min hesablayaq.

• Poster və çap olunmuş kitablar da 10 min etsin.

• Rayonlardan gələn üzvlərin məsrəflərini də 10 minlə çərçivələyək.

113 min məsrəf alınır. İştirakçıların qalma xərclərini günlərə görə 2-3 dəfə artıranda da 203 min etmir. Babal yumaq olmasın, o qədər pulu bir arada görməyən adamam deyə dəqiq söz demək çətindir.

Kiməsə bəraət qazandırmaq istəmədiyimin isbatı kimi, bir reallığı, köklü problemi deyim ki, Azərbaycanda pullu, məşhur, yaxud vəzifəli insanlar özündən aşağı zümrə saydıqlarının suallarına ya ağız əyir, ya da kobud cavab verir. Kasıbı, maaşa baxanı həmişə heçkim yerinə qoyurlar. Məsələnin bəraət tərəfinə keçsək, bəlkə Abdullayev sədr olmaq istəyirdi və qanı qaralmışdı. Bəlkə müxbirə baba-nəvə ərki ilə acıqlandı? Bunu ani refleksə ona görə bağlayıram ki, xalq yazıçısı sonda “bağışla məni” üzrxahlığını işlədib. Lakin bunu kimsə qabartmır. Lap tərəfkeşlik etsəm, deyərəm ki, Çingiz Abdullayev suala sualla cavab vermək hüququndan istifadə edib. Amma bir az kobud alınıb. Bütün hallarda kiminsə şərəf və ləyaqətinə toxunmaq, təhqir edib kobud ifadələrə məruz qoymaq yaxşı qəbul olunmur. Hətta yolverilməzdir.

Amma xalq yazıçısının ana dilində mükəmməl danışmamasını lağlağı predmetinə çevirmək də şücaət deyil. Azərbaycan dili mükəmməl olan bəzilərinin ermənilərə qarşı informasiya savaşında lallığını görmüşük. Ermənipərəst rus telekanallarında politologiyadan rusca da dərs keçən hansı siyasətşünasın Azərbaycanın maraqlarını qoruduğunu görmüsünüz? Yadınızdadırsa, bunu Çingiz Abdullayev etmişdi.

Qeyd: 1918-1920-ci illərdəki cümhuriyyətimizin ən fədakar isimlərindən biri Fətəli xan Xoyski olub. Azərbaycanda yaradılan milli hökumətlə bağlı xarici ölkələrə ilk radioqram 30 may 1918-ci ildə Xosykinin imzasıyla göndərilib. Bolşevik işğalından sonra ermənilərin ilk öldürdüyü Azərbaycan aşiqlərindən biri də o idi. Ana dilinin inkişafı üçün də əlindən gələni edib. Amma ana dilində danışmağa çətinlik çəkirdi.

Anar Rəhimov,

KONKRET.az

P.S. Məqsəd xalq yazıçısı ilə dövlət xadiminin müqayisəsi deyildi. Amma insaf da yaxşı şeydir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*