Xaçmazda yeddi əsrlik tarixə malik abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, buna səbəb dini memarlıq nümunəsinin uzun illərdir restavrasiya olunmamasıdır.
Sakinlərin sözlərinə görə, Şıxlar kəndində XIV əsrdə Şeyx Yusifin müridləri tərəfindən inşa olunan dini abidə günümüzədək qorunub- saxlanılsa da, təmir-bərpa işlərinin həyata keçirilməməsi səbəbindən artıq yararsız hala düşüb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsi üzrə baş mütəxəssisi Nəsibə Bəşirova deyir ki, abidə sovetlər dönəmində taxıl anbarı kimi də istifadə edilib:
“Dini abidə olsa da, hazırda məscid kimi istifadəsi mümkün deyil. Çünki yararsız vəziyyətdədir və damı demək olar ki, tam üçüb. Həmin dam örtüyü 1970-ci illərdə kənd sakinləri tərəfindən vurulub. Eyni zamanda abidəni yağan qar və yağışdan qoruduğuna görə məscidin gümbəzində çökmə olmayıb. Lakin hazırda binada böyük nəm ləkələri və çatlar var. Damın dəmirlərini də külək uçurub, üstü tam açıqdır”.
N.Bəşirova onu da əlavə edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara yazılı və şifahi məlumat verilib.
“İmkanlı şəxslərin abidəni bərpa etdirməsinə icazə varmı?” sualımıza isə baş mütəxəssis belə aydınlıq gətirib:
“Belə bir fikirdə olan insanlar mütləq Dövlət Xidməti ilə əlaqə saxlamalıdırlar. Bina tarixi abidə olduğuna görə onu istənilən materialla təmir etmək olmaz. Təmirdə mütləq arxeoloq, tarixçi, memar rəyi nəzərə alınmalıdır. Bunun üçünsə Dövlət Xidməti tərəfindən yönləndirmə olmalıdır”.
Ümid edirik ki, özündə bir neçə əsri birləşdirən bu abidənin tamamilə məhv olmaması üçün müvafiq dövlət qurumları tərəfindən lazımı tədbirlər görüləcək və tikili tezliklə restavrasiya olunaraq tarixin yadigarı kimi gələcək nəsillərə ötürüləcək.
Emin Kərimov,
Xaçmaz,
KONKRET.az