“Hər millətdən ermənipərəst və anti-erməni olan şəxslər var. Yəhudilər də istisna deyil. Bizi dəstəkləyən yəhudilər də, bizə qarşı çıxanlar da var. Hamını ümumiləşdirib eyni standartla ölçməməliyik. Ermənilər sadəcə olaraq İsrail hökumətinin Erməni Soyqırımını inkar etdiyi və Azərbaycana milyardlarla dollarlıq silah satdığı üçün hər yəhudiyə düşmən kimi yanaşmamalıdır”.
KONKRET.az xəbər verir ki, “California Courier” qəzetinin naşiri Harut Sasunyan öz məqaləsində ermənilərin yəhudilərə olan münasibətinin tam dəyişməsinin vacibliyini vurğulayıb. Bununla da erməni naşir yəhudilərə yarınmaqla Ermənistanın İsraillə münasibətlərində dönüş yaratmasının siyasi əhəmiyyətini qabardıb. Ümumiyyətlə, amerikalı yazar məqalədə erməni xalqını yəhudilərə olan nifrətini gizlətməyə çağırıb.
Harut Sasunyan yazır: “Erməni xalqının İsrail hökumətini və anti-erməni yəhudilərini tənqid etmək hüququ var. 2015-ci ildə mən İsrail universitetlərindən birində mühazirə oxuyarkən İsrailin erməni soyqırımını inkar etməsini qətiyyətlə pisləmişdim”.
O dünya ermənilərini aldadaraq vurğulayır ki, guya İsrailin o vaxtkı prezidenti Reuven Rivlin onunla görüşündə, bildirib ki, erməni soyqırımını tanıyır və baş nazir Benyamin Netanyahunu bunu inkar etməkdə günahlandırıb.
H.Sasunyan həyasızcasına deyir ki, bu yaxınlarda bir qrup yaxşı niyyətli israillidən iki məktub alıb. Həmin məktubda onlar öz ölkələrinin yüksək səviyyəli rəsmilərinə Laçın dəhlizi ilə bağlı Azərbaycana müdaxilə etməyi xahiş ediblər.
Ola bilər ki, bəlkə də erməni lobbisi ilə dostluq edən hansısa sıravi yəhudi belə bir məktubla ona müraciət edə bilər. Amma H.Sasunyan yanılır ki, İsrail dövləti ədalətsiz mövqeyi ilə dünyada rüsvay olan oyuncaq dövlətin yanında ola biməz.
Sasunyan etiraf edir ki, İsrail dövlətinin Azərbaycanla sıx əlaqələri var və bu, tarixi köklərə dayanır. Müəllif çox məyusdur ki, yəhudi dövləti ən müasir silahları məhz müttəfiqi olan Bakıya verir. O, İsrailin Azərbaycana silah satmasını tənqid etsə də, ümid etdiyini bildirib ki, Ermənistan bu dövlətlə daha isti münasibətlər qura bilər. Erməni əsilli amerikalı naşir yəhudi Avidan Fridmanın 13 avqust 2023-cü ildə The Times of Israel qəzetində məqaləsindən də sitat gətirib: “İsrail Azərbaycana 2016-2020-ci illərdə silahların 69 faizini verib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı yüksək rütbəli İsrail hərbi mənbəsi iddia edirdi ki, “Azərbaycan bizim dəstəyimiz olmasaydı, bu səviyyədə əməliyyatını davam etdirə bilməzdi”.
Sasunyan yazısında bəzi yəhudi dairələrində ermənipərəst rəğbətinin olduğunu qabartmaqla erməniləri ayıq-sayıq olmağa dəvət edib.
“Ermənilər milliyyətindən asılı olmayaraq dostlarını dəstəkləməli, rəqiblərini tənqid etməlidirlər”, – deyə o yazısını yekunlaşdırıb.
Hazırladı: Sevinc Paşayeva,
KONKRET.az